Bir ara Bakıda ipoteka yolu ilə mənzil ala bilməyən vətəndaşlardan şikayətlər çox olurdu. ANS PRESS-ə zəng edən və ya şikayət məktubu ilə müraciat edən insanlar Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil kimi seçdiyi banklardakı süründürməçilikdən şikayət edirdilər, kömək istəyirdilər. Yəni əhalidə mənzili ipoteka krediti yolu ilə almağa böyük həvəs var idi. İndi isə vəziyyət tamamilə fərqlidir. Əhali sanki Bakıda ipoteka yolu ilə mənzil almağın mümkünlüyünü yadından çıxarıb.
İpoteka dərəcələrinin dinamikası baxımından məsələyə yanaşıldıqda vəziyyət tamamilə fərqli olmalı idi. Keçən iki-üç il ərzində Azərbaycanda ipoteka faizlərinin orta göstəricisi müəyyən qədər azalaraq 6,82%-ə düşüb. Halbuki, 2012-ci ilin mart ayında bu göstərici 7,17% ətrafında dəyişirdi. Azərbaycanın orta göstəricisi Avropada qərarlaşmış 3-3,5%-lik səviyyədən xeyli yüksək olsa da, Rusiyanın 12%-lik orta ipoteka dərəcəsindən iki dəfə aşağıdır. Bu, ölkə banklarının əsasən 17-18% dərəcəsi ilə təklif etdiyi digər kreditlərdən də xeyli ucuzdur.
Bütün bunlara baxmayaraq, əhali 2012-ci illə müqayisədə ipoteka ilə mənzil almağa çox az maraq göstərir. İqtisadçı alim Vüqar Bayramov bunu Dövlət İpoteka Fondu tərəfindən ipoteka kreditləri üçün ayrılan vəsaitlərin maksimum məbləğinin 50 min manat olması ilə izah edir. "Praktiki olaraq Bakıda bu qiymətə ev tapmaq mümkün deyil. İpotekaya ev almaq istəyən adam elə bu qədər də ilkin ödəniş verməlidir. Mövcud şərtlərlə həm də orta təbəqə Bakıda mənzil ala bilmir. Bunun üçün ən azı 900-1000 manatlıq aylıq qazanc lazımdır",- deyə Vüqar Bayramov ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib.
Əmlak bazarında yaşananlar da iqtisadçı alimin dediklərini təsdiqləyir. Əgər 2012-ci ildə Bakı mikrorayonlarında iki otaqlı mənzil 45-50 min manat idisə, hazırda bu, 80-100 min manat arasında dəyişir. Belə mənzilləri almaq istəyən şəxsi ilkin ödəniş kimi 30 min manatdan 50 min manata qədər pula sahib olmalıdır. Həmçinin, 50 min manat ipoteka vəsaiti almaq istəyən və 3 nəfər ailə üzvünə malik vətəndaş güzəşt qrupuna daxil olarsa, aylıq gəliri 900 manatı keçməlidir. Sadə ipoteka yolu ilə isə bu məbləği yalnız 1000 manat maaşla əldə etmək olar. Belə maaş isə, hələ ki, orta sinifdə yoxdur. Son dövrlərdə ipoteka kreditləri əsasən bu səviyyədə maaş alanlara verilir ki, artıq onların payı ümumi kredit çantasında 53%-ə çatıb. Halbuki, bir neçə il qabaq ipoteka kreditləri əsasən 500-600 manat maaş alanlara verilirdi.
Əhalinin Bakıda ipoteka reditlərinə daha çox meyl eləməsinin də səbəbləri var. Regionlardan fərqli olaraq Bakıda fərdi mənzil tikintisini elə də asan gerçəkləşdirmək mümkün deyil, qeyri-rəsmi xərclər 10 dəfəyə qədər çox çıxır. Əgər rayonlarda və əyalət şəhərlərində özəl ərazidə ev tikməyə icazə alıb tam sənədləşdirmək üçün qeyri-rəsmi xərclər 1,5-2 min manat ətrafında dəyişirsə, Bakıda uzun bürokratik əngəllərdən keçməklə, bu işi 20 min manata başa gətirmək mümkündür. Ona görə də əyalətlərdə ipoteka ilə mənzil almağa maraq göstərmirlər, fərdi tikintilərə daha çox üstünlük verirlər. Məhz buna görə, indiyə kimi ipoteka yolu ilə satılmış 15 min mənzilin 11 minə yaxın məhz Bakının payına düşür. Bakıdan bir neçə kilometr aralıda yerləşməsinə baxmayaraq, fərdi evlərin rəsmiləşdirməsi çox asan olan Abşeronda isə təxminən 650 ev ipotekaya satılıb.
Bütün bunlara baxmayaraq, Azərbaycan Mərkəzi Bankı (AMB) ipoteka üçün ayrılan vəsaitlərin maksimum miqdarını artırmaq niyyətində deyil. AMB sədri Elman Rüstəmov bu barədə verdiyi son açıqlamasında bildirib: "Mənzilə ehtiyacı olan əhalini tam olaraq ipoteka krediti ilə təmin etmək dövlətin borcu deyil. Yalnız imkansız, gəlirləri aşağı olan əhaliyə dövlət hesabına kredit verilməlidir".
Amma elə Dövlət İpoteka Fondunun saytında yerləşdirilmiş ipoteka kalkulyatoru AMB sədrinin bu sözlərinin sadəcə ritorik bir açıqlama olduğunu sübut edir. Kalkulyator göstərir ki, aşağı gəlirli insan ümumiyyətlə ipotekanı unutmalıdır. AMB-nin məlumatına görə, 2-ci rübdə güzəştli ipoteka krediti alanların 81,1%-i hərbçilərdir. Və bunun səbəbləri də aydındır. Əvvəla, hərbçilər yüksək maaş alırlar, ikincisi isə onların ailələri hələ ki, hərbi şəhərciklərdə yaşayırlar. Ona görə, həmin ailələr gələcəyi nəzərdə tuturaq Bakı ətrafında (Masazırda, Xırdalanda və s. yeni salınan massivlərdə) nisbətən ucuz olan mənzilləri alırlar ki, ailə pensiya çıxana qədər həmin məhəllələrin abadlaşaraq yaşayış üçün yararlı olacağına ümid edir.
İqtisadçı alim Vüqar Bayramov AMB-nin bu yanaşmasını doğru saymır: "AMB keyfiyyətə yox, kəmiyyətə fikir verir. Çalışır ki, az vəsaitlə daha çox mənzil versin. Əslində, ipotekaya ayrılan vəsaitləri artırmaqla yanaşı, bir kredit üçün nəzərdə tutulan maksimum məbləğ də artırılmalıdır".
Lakin bütün bunlarla yanaşı, Vüqar Bayramov ailələrin evlə təmin edilməsində ipoteka yolunu elə də əlverişli saymır: "İpoteka kreditləri bazarda əlavə tələb yaradaraq mənzilləri bahalaşdırır. Dövlət haqqında çoxdan danışılan sosial evlər layihəsinə yenidən qayıtmalıdır ki, bu, bazara tələbi xeyil aşağı sala bilər. Az təmianatlı ailələr belə evləri faizsiz kreditlə götürə bilərlər. Hökumət ipotekaya yönəltdiyi vəsaitləri sosial evlərə yönəltsə, bu, bazarda yeni təkliflər yarada bilər. Həmçinin, Bakı ətrafında 500 min sənədsiz ev var ki, onların tezliklə sənədləşdirilməsi mənzil bazarında təklifləri dəfələrlə artırar. Biz bu məsələdə müəyyən təkliflər hazırlamışıq. Bizim təklifimizə görə, sənədsiz ev tikmiş vətəndaş dövlət büdcəsinə 2 min manat ödəməklə əmlakını reyestrə sala bilər. Ev sahiblərinin əksəriyyəti bu məbləği ödəyə bəlir",- deyə iqtisadçı alim vurğulayır.
Mənbə: ANS PRESS