Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı ABŞ-ı Rusiya nefti üçün "G7 qiymət həddi" təyin etməyə çağırır.
Banco.az xəbər verir ki, Avropa Komissiyasının iqtisadiyyata məsul üzvü Valdis Dombrovskis Brüsseldə Avropa İttifaqının maliyyə nazirlərinin iclasından sonra açıqlama verib.
Dombrovskis bildirib ki, Yaxın Şərqdə baş verən hadisələrin Ukrayna və Rusiyanın neft və təbii qaz gəlirlərinə təsiri diqqətlə izlənilir və Rusiyaya maksimum təzyiq göstərilməsinin vacibliyi vurğulanır.
O qeyd edib: “Mövcud qiymət artımları Rusiya üçün gözlənilməz gəlirlər yarada bilər. Buna görə də G7 ölkələrinin tətbiq etdiyi qiymət həddinin ciddi şəkildə icrası və zərurət yaranarsa, tam dəniz nəqliyyatı xidmətlərinə qadağa tətbiq olunması böyük əhəmiyyət daşıyır.” Dombrovskis eyni zamanda Rusiyanın İranın hərbi fəaliyyətlərinə dəstək verdiyini də xatırladıb.
Rusiyanın neft ixracının həcmlərində ciddi dəyişiklik müşahidə olunmadığını bildirən Dombrovskis bazarda pozulma baş vermədiyini qeyd edib.
Enerji qiymətlərində kəskin artıma diqqət çəkən Dombrovskis deyib: “Neft qiymətləri İranda gərginliyin artmasından əvvəlki dövrlə müqayisədə təxminən 40 faiz, təbii qaz qiymətləri isə TTF istinad qiymətinə görə təxminən 90 faiz daha yüksəkdir. Bu vəziyyətin nə qədər davam edəcəyini və təsirinin miqyasını görməliyik.”
Bizi sosial şəbəkələrdən izləyin!!
