ABŞ-ın böyük bankları üçüncü rüb üzrə maliyyə hesabatlarını açıqlayıb | Banco.az

ABŞ-ın böyük bankları üçüncü rüb üzrə maliyyə hesabatlarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın aparıcı bankları üçüncü rüb maliyyə nəticələrini açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ-ın ən böyük banklarından “Goldman Sachs”, “Wells Fargo”, “JPMorgan” və “Citigroup” 2025-cü ilin üçüncü rüb maliyyə hesabatlarını təqdim ediblər.

“Goldman Sachs” tarixi rekord əldə edib

“Goldman Sachs” üçüncü rübdə 15,18 milyard dollar gəlir əldə edərək tarixinin ən yüksək rüblük nəticəsini göstərib. Bankın investisiya bankçılığı səhmləri 42% artaraq 2,66 milyard dollara çatıb (bazarda gözlənti 2,18 milyard idi).  Satış və ticarət gəlirləri isə 3,47 milyard dollarla proqnozu üstələyib. Bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 37% artaraq 4,1 milyard dollara yüksəlib. Hər səhmə düşən gəlir 12,25 dollar olub.

“Wells Fargo” gözləntilərdən bir qədər geridə qalıb

“ Wells Fargo”nun ümumi gəliri 21,44 milyard dollar olub (proqnoz: 21,16 milyard dollar).
Lakin xalis faiz gəliri gözləntilərdən azacıq geridə qalaraq 11,95 milyard dollar təşkil edib.
Bankın xalis mənfəəti illik müqayisədə 9% artaraq 5,6 milyard dollara çatıb.
Hər səhmə düşən gəlir 1,66 dollar olub.

“JPMorgan” güclü nəticə göstərib

“JPMorgan” üçüncü rübdə 47,12 milyard dollar gəlir açıqlayıb, bu da bazar gözləntilərini üstələyib (proqnoz: 45,48 milyard). Satış və ticarət gəlirləri 5,61 milyard dollara, investisiya bankçılığı gəliri isə 2,69 milyard dollara yüksəlib. Xalis mənfəət illik müqayisədə 12% artaraq 14,4 milyard dollara çatıb. Hər səhmə düşən gəlir 5,07 dollar olub.

“Citigroup” da mənfəətini artırıb

“Citigroup”un ümumi gəliri 22,09 milyard dollar, xalis faiz gəliri isə 12% artımla 14,52 milyard dollar olub. Satış və ticarət gəliri 4,02 milyard dollara çataraq proqnozları geridə qoyub. Bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 16% artaraq 3,8 milyard dollara yüksəlib. Hər səhmə düşən gəlir 1,86 dollar olub. 

Ümumilikdə, ABŞ-ın iri bankları üçüncü rübdə bazar gözləntilərini əsasən üstələyərək bank sektorunda gəlirlərin bərpa meylini nümayiş etdiriblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram