Azərbaycanda yerləşən Dünya Bankı Qrupu Təşkilatlarına bir sıra imtiyazlar və immunitetlər veriləcək.
Bu, “Azərbaycan Respublikası və Dünya Bankı Qrupu Təşkilatları arasında Azərbaycan Respublikasında Ofislərin Qurulmasına və Fəaliyyətinə dair” Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Sazişə əsasən, Dünya Bankı Qrupu Təşkilatları əmlakı və aktivləri harada yerləşməsindən asılı olmayaraq, icraedici və ya qanunverici tədbirlər nəticəsində aparılacaq axtarış, sərəncam, müsadirə (xüsusi müsadirəni istisna etməklə) ekspropriasiya və ya hər hansı həbs formasından azaddır.
Dünya Bankı Qrupu Təşkilatlarının arxivləri yerindən asılı olmayaraq toxunulmazdır.
Dünya Bankı Qrupu Təşkilatları, onların aktivləri əmlakı və gəliri, eləcə də əməloyyatları və transaksiyaları bütün birbaşa vergilərdən, o cümlədən pensiya və sosial sığorta məqsədləri üçün xərclərdən və gömrük rüsumlarından azaddır. Dünya Bankı Qrupu Təşkilatları həmçinin hər hansı vergi və ya rüsumun toplanılması və ya ödənilməsi öhdəliyindən azaddır.
Qeyd edək ki, bu məsələ parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin dünən keçirilən iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!