İpoteka və Kredit Zəmanət Fondu (İKZF) fəaliyyətdə olduğu 2005-2025-ci illərin hamısını mənfəətlə başa vurub, 20 ildə ümumilikdə 201 milyon manat mənfəət əldə edib.
Bunu Fondun baş meneceri Rasim Abdullayev bildirib.
Bundan başqa, onun sözlərinə görə, bu il iyulun 1-nə qurumun aktivləri 4,2 milyard manat, o cümlədən məcmu kapitalı 1,4 milyard manat təşkil edib.
"Beləliklə, İKZF-nin kapitalının aktivlərinə nisbəti 30 % təşkil edir ki, bu da onun yüksək kapitallaşma səviyyəsinə malik olmasından xəbər verir. Fondun bütün fəaliyyət istiqamətlərində beynəlxalq təcrübəyə əsaslanan vahid və təkmin standartlar tətbiq olunmaqdadır.", - deyə R.Abdullayev qeyd edib.
Onun sözlərinə görə, İKZF-nin dövriyyədə olan istiqrazların dəyəri 2,7 milyard manatdır: "2009-cu ildən bu günə qədər 1,2 milyard manatlıq istiqrazlar üzrə öhdəliklər yerinə yetirilib, istiqraz sahiblərinə 389,4 milyon manat faiz ödənilib".
Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.
