Dünyanın ən varlı qadınlarından Makkenzi Skot 2.7 milyard dollar ianə verdi | Banco.az

Dünyanın ən varlı qadınlarından Makkenzi Skot 2.7 milyard dollar ianə verdi

Tamara Mustafayeva, Banco.az

Amazon şirkətinin təsisçisi Ceff Bezos ilə 2019-cu ildə boşandığı zaman dünyanın ən bahalı boşanma hadisəsinə imza atan Makkenzi Skot cəmiyyətin çox kiçik bir qrupunda həddindən artıq böyük məbləğdə sərvətin cəmlənməsindən narahatlıq duyduğu üçün şəxsi sərvətini paylamağa qərar verdiyini açıqlayıb. Skot bu dəfə 2.7 milyard dollar dəyərində ianə bağışlayıb.

Ceff Bezosla boşanarkən 38 milyard dollar əldə edən 51 yaşlı Makkenzi Skot o vaxtdan etibarən sərvətini xeyriyyə fəaliyyətlərinə xərcləməklə məşğuldur. Xeyriyyə qurumlarına və irqi-ayrıseçkiliklə bağlı layihələrə milyard dollarlarla ianə bağışlayan Skot dünən 286 quruma ümumilikdə 2.7 milyard dollar vəsait ayırdığını açıqlayıb.

Skot sosial media vasitəsilə yayımladığı bir yazıda özünün və hazırki həyat yoldaşı Den Cevetin ianələrinin bu ianələri qəbul edənlərin fəaliyyətinə davam etməsini təmin etmək və onlara "etibar və təşviq" aşılamağı hədəflədiyi bildirilib.

Xatırladaq ki, Makkenzi Skot 2020-ci ildə də oxşar açıqlama edərək Covid-19-la mübarizəyə, cinsi bərabərliyə, qara dərililərin təhsil aldığı müəssisələrə ümumilikdə 6 milyard dollar ianə vermişdi. Axırıncı dəfə isə onun ötən ilin dekabr ayında 384 təşkilata ümumilikdə 4.2 milyard dollar bağışladığı məlumdur. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram