Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada biznes gözləntiləri ardıcıl altıncı ayda da yaxşılaşıb.
Banco.az xəbər verir ki, “Ifo” İnstitutunun gözləntilər indeksi oktyabr ayında əvvəlki ayın 90,4 səviyyəsindən 91,6-ya yüksəlib. “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçılar indeksin 90-a doğru cüzi azalacağını proqnozlaşdırırdılar. Mövcud vəziyyəti ölçən göstərici isə gözlənilmədən bir qədər geriləyib.
“Ifo” İnstitutunun prezidenti Klemens Fuest açıqlamasında “İqtisadi bərpa davam edir. Lakin şirkətlər mövcud vəziyyəti bir qədər daha mənfi qiymətləndiriblər”, – deyə bildirib.
Avropanın ən böyük iqtisadiyyatı İran müharibəsi və mühüm su yollarının fəaliyyətini iflic edən isti hava dalğalarının yaratdığı inflyasiyaya baxmayaraq, gözləniləndən daha güclü il keçirir. İqtisadi artımın əsasını infrastruktur, müdafiə və süni intellekt sahələrinə yönəldilən böyük həcmli xərclər təşkil edir. Hökumət bu yaxınlarda 2026-cı il üzrə iqtisadi artım proqnozunu 1,3 faizə yüksəldib.
Bununla belə, iqtisadi bərpa qeyri-sabit xarakter daşıyıb. Almaniya Mərkəzi Bankı “Bundesbank” mövsümi normaları aşan isti havanın Reyn çayında suyun səviyyəsini aşağı salaraq ölkənin sənayesi üçün həyati əhəmiyyət daşıyan nəqliyyat marşrutunda fasilələr yaratdığı üçün üçüncü rübdə istehsalın durğunlaşdığını təxmin edir.
Bizi sosial şəbəkələrdən izləyin!!
