“Reuters”in yaydığı məlumata görə, 11 dekabrda Səudiyyə Ərəbistanının “Tadawul” birjasında “Saudi Aramco” dövlət neft şirkətinin səhmlərinin 1,5%-nin ticarətinə başlandı. Ticarət zamanı səhmlərin dəyəri 10%, yəni 32,5 rialdan (8,5 dollar) 35,2 riala (9,39 dollar) qədər artım göstərdi. Bu bir sözlə, “Tadawul” birjasının qaydalarına görə mümkün olan ən yüksək həddə idi.
Şirkətin kapitallaşması ilkin olaraq 1,7 trilyon dollar dəyərində qiymətləndirilmişdi. Daha sonra isə 1,88 trilyon dollara yüksəldi. “Saudi Aramco” ən böyük İT korporasiyalarını qabaqlayaraq dünyanın ən bahalı şirkətinə çevrildi. Belə ki, 10 dekabrda günün sonuna “Microsoft” və “Apple” müvafiq olaraq 1,15 trilyon və 1,19 trilyon dollar dəyərində idi.
“Saudi Aramco” 1933-cü ildə Səudiyyə Ərəbistanı hökumətinin Amerikanın “Standard Oil of California” şirkəti ilə razılığı əsasında təsis edilib. Tədricən dövlət şirkətin səhmlərini geri aldı və 1980-ci ilə qədər nəzarətə tamamilə öz üzərinə götürdü.
Həmçinin oxu: Dünyanın ən böyük IPO layihəsinin birjaya daxil olmasına icazə verildi
BBC xəbər verir ki, “Saudi Aramco” ölkə neftinin 99%-ni hasil etmək hüququna malikdir. Yerin səthində ucuz neft yataqlarının mövcudluğuna görə hasilat digər neft şirkətlərindən fərqli olaraq “Saudi Aramco”ya daha ucuz başa gəlir.
Saudi Aramco 2016-cı ildən etibarən birjaya girməyə hazırlaşırdı: maliyyə nəticələri dərc etməyə, jurnalistlərlə konfranslar təşkil etməyə və ictimaiyyətə açıqlamalar verməyə (şirkətin obyektlərinə dron hücumlarından sonra) başlayıb.
Vəliəhd Şahzadə Məhəmməd ibn Salmanın “Vision 2030” planına əsasən dövlət şirkətinin IPO layihəsi Səudiyyə Ərəbistanına neftdən asılılığı azaltmağa kömək edə bilər. IPO-da “Saudi Aramco” öz səhmlərini 25,6 milyard dollara satdı. Əldə edilən gəlir isə “Vision 2030”un həyata keçirilməsinə, xüsusən də Səudiyyə Ərəbistanının səhralarında günəş elektrik stansiyalarının inşasına yönəldiləcək.
Həmçinin oxu: Mark Benioff yeni kapitalizm formasını təklif edib
Səudiyyə Ərəbistanı neft ehtiyatlarına görə Venesueladan sonra ikinci, hasilatına görə isə ABŞ-dan sonra ikinci yerdədir. 2019-cu ilin doqquz ayı ərzində neft şirkətinin qazancı 68 milyard dollar təşkil edib. “Saudi Aramco”nun 2018-ci il üzrə xalis mənfəəti 111 milyard dollar, ümumi gəliri isə 355,9 milyard dollar olmuşdu.
Nigar Umaxanlı, Finco.az