Dünyanın ən böyük IPO layihəsinin birjaya daxil olmasına icazə verildi | Banco.az

Dünyanın ən böyük IPO layihəsinin birjaya daxil olmasına icazə verildi

“Saudi Aramco”, nəhayət, səhmlərini birjaya yerləşdirməyə icazə ala bilib. Səhmlərin satılması vəliəhd şahzadənin iddialı iqtisadi planının əsas tərkib hissəsi idi. Lakin IPO bir neçə dəfə təxirə salınıb ​​və yenidən təxirə salına bilər, şirkətin qiymətləndirməsi də xeyli azalıb. 

Səudiyyə Ərəbistanının Kapital bazarları idarəsi xəbər verir ki, dövlətə məxsus “Saudi Aramco” neft şirkətinə ilkin kütləvi təklif üçün icazə verilib. Şöbənin icazəsi altı ay müddətinə qüvvədədir. “Saudi Aramco” bu müddət ərzində IPO-nu həyata keçirməzsə, icazə ləğv olunacaq. 

Həmçinin oxu: Bank işçisi və bankir bir-birindən nə ilə fərqlənir? 

“Bloomberg” etibarlı mənbələrə istinad edərək bildirib ki, cümə günü Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman Əl Səud IPO keçirilməsinə yaşıl işıq yandırıb. Agentlik bildirir ki, səhmləri daha cəlbedici etmək üçün şirkət 2020-ci ildə investorlara 75 milyard dollar dividend ödəməyi planlaşdırır. 2024-cü iləcən neft qiymətlərinin dinamikasından asılı olmayaraq dividend məbləğini azaltmayacağını vəd edir. 

Şirkət haqqında bütün zəruri məlumatlar, o cümlədən maliyyə hesabatları, fəaliyyət və rəhbərlik barədə informasiya olan tam prospekt yerləşdirmədən əvvəl dərc ediləcək. Səhmlər, çox güman ki, Səudiyyənin fond birjası “Tadawul”də yerləşdiriləcək. “Financial Times” adı anonim saxlanan bankirlərə istinadən yazır ki,  təklif olunan səhmlərin əsas hissəsini yerli sərmayədarlar alacaq. Qəzet daha əvvəl də yazmışdı ki, Səudiyyə Ərəbistanının hakim dairələri “yola gətirmə və qorxutma” yolu ilə krallığın ən zəngin ailələrini IPO-da iştirak etməyə vadar edir. 

“Financial Times” Səudiyyənin dövlət şirkətinin IPO fikrinin çoxdan gözlənilən olduğunu yazır. Belə ki, “Saudi Aramco”nu 2 trilyon dollarlıq ictimai şirkətə çevirmək ideyasını vəliəhd şahzadə hələ 2016-cı ildə açıqlamışdı. Lakin yerləşdirmə bir neçə dəfə təxirə salınmışdı. Ötən ilin avqust ayında Səudiyyə Ərəbistanı kralının qərarına əsasən IPO ləğv edilib. “Reuters” yazırdı ki, bankirlər, kral ailəsinin üzvləri və neft şirkətlərinin rəhbərləri onu inandırmışdı ki, IPO ölkəyə də mənfi təsir göstərəcək. 

Ən sərfəli kredit üçün müraciət et

“Bloomberg” yazır ki, bu ilin iyul ayında Səudiyyə Ərəbistanı “Saudi Aramco”nu IPO-ya yenidən hazırlamağa başlayıb, lakin sentyabrda dronların müəssisəyə hücumundan sonra planları bir daha təxirə salmalı olub. Həmin hücum neft hasilatının azalmasına gətirib çıxarmışdı. “Financial Times”ın məlumat mənbələrindən biri bildirib ki, şirkət ilk öncə investorlara hücumun onun göstəricilərinə necə təsir etdiyinə aydınlıq gətirmək istəyib. 

Dünya miqyasında ən böyük IPO çərçivəsində səhm almamaq üçün 10 səbəb 

“Saudi Aramco” səhmlərinin birjaya yerləşdirilməsi vəliəhdin “Vision 2030” planının əsas elementidir. Plan neftdən asılı iqtisadiyyatın diversifikasiya olunmasını ehtiva edir. Səudiyyə hökuməti dəfələrlə bildirib ki, bu, tarixdə ən böyük IPO olacaq: Şirkətin özünü 2 trilyon dollar dəyərində qiymətləndirir və birjada da 60 milyard dollar cəlb edəcəyini gözləyirdi.

Hazırda rekord Çinin “Alibaba” şirkətinə məxsusdur: 2014-cü ildə IPO gedişatında 25 milyard dollar vəsait cəlb edib. 

Həmçinin oxu: Dünyadakı bütün “unicorn startup” şirkətləri hesablandı – Çin ABŞ-dan üstündür 

“Bloomberg”in yazdığına görə, hələ oktyabrda “Saudi Aramco” şirkətin 2 trilyon $ qiymətləndirildiyi halda səhmlərinin 2%-ni 40 milyard $-a satacağını düşünürdü. Amma indi agentlik məlumatlı mənbəyə istinadən bildirir ki, “Saudi Aramco” artıq 1,6-1,8 trilyon dollar arası aşağı qiymətə də razılaşmağa hazırdır. 

“Financial Times” bankir və analitiklərin 1,2-1,5 trilyon dəyərindəki qiymətləndirməni daha ədalətli hesab etdiyini vurğulayır. IPO hazırlanması prosesindən agah olan iki mənbə qəzetə bildirib ki, səhmlərin yerləşdirilməsi barədə rəsmi elan verilməsinə baxmayaraq əlverişsiz bazar şərtlərinə görə “Saudi Aramco” IPO-nu bir daha təxirə sala bilər. 

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et