Müasir dövrdə dünyanın dörd bir yanı müxtəlif peşələrə və ya ixtisaslara yiyələnən insanlarla zəngindir. Təbii ki, bu topluma aid olmayan müəyyən işsizlər qrupu da cəmiyyətin bir hissəsini təşkil edir. Lakin qeyd etmək vacibdir ki, fərdlərin özünü şəxsiyyət olaraq tam şəkildə formalaşdırması üçün həyatın müvafiq dövrlərində təhsil almaq, ixtisaslaşmaq, müəyyən peşəyə yiyələnmək tələb olunur. Tarixin qədim dövrlərindən bu günə qədər dövr edən zaman periodu bu qanunauyğunluğu aksioma halına gətirib çıxarıb. Müəyyən peşə sahibləri vardır ki, bu qrupun nümayəndələri uşaq yaşlarından etibarən mövcud sahəyə maraq göstərərək peşəkar kadrlara çevrilirlər. Bu sıralamaya daxil olan xüsusi ixtisas sahibləri vardır ki, onlar həm sağlam həyat keçirir, həm maddi maraqlarını təmin edir, həm də mənsub olduğu ölkəni beynəlxalq arenada təmsil edə bilirlər. Bu gün bu siyahıya daxil olan ixtisas sahiblərindən biri olan futbolçuların müəyyən qədər maddi maraqlarını əhatələyən məsələlərə toxunacağıq.
Banco.az Azərbaycan Milli Futzal Komandasının futbolçusu Oqtay Rüstəmli ilə olan müsahibəni təqdim edir.
Oxucularımız üçün Oqtay Rüstəmlini tanıyaq
Peşəkar futbolla məşğulam. Hazırda Araz-Naxçıvan və Azərbaycan milli futzal komandasında hücumçu mövqeyində oynayıram. Bilməyənlər üçün qeyd edim ki, futbolla uşaqlıqdan maraqlanıram. Əvvəllər “Netçi”, “Xəzər adaları” komandalarının heyyətində də yer almışam.
Futbolçu olmağın maddi tərəfləri barədə nə deyə bilərsiniz?
Əslində peşəkar oyunçu olmaq istəyən hər bir futbolçu öncə öz üzərində işləməlidir. Yəni, ilk addımda futbolçu gərək özünə maliyyə yatırımı etsin ki, gələcəkdə həm peşəkar oyunçu olaraq formalaşsın, həm də istədiyi maddi vəsaiti əldə edə bilsin. Bəzən bu futbolçunun oyun tərzindən, peşəkarlığından, özünü necə göstərməyindən də asılı olur. Şəxsi fikrim olaraq onu deyə bilərəm ki, şəxsən məni müəyyən qədər qane edir.
Pul xərcləməyə münasibətiniz necədir? Oqtay Rüstəmli nələrə pul xərcləməyə üstünlük verir?
Mənə elə gəlir ki, insan özü üçün pul xərcləməkdən çəkinməməlidir. Həmin bazanı istirahət üçün, daha maraqlı və əyləncəli həyat tərzi yaşamaq üçün sistemləşdirmək lazımdır. Eyni zamanda maariflənmək, fərdi inkişaf istiqamətində də müəyyən qədər yatırım etmək daha düzgündür. Şəxsi həyatımda isə geyim almağa, kinoya baxmağa, ümumilikdə istirahətə pul xərcləməyi sevirəm.
Bəs, bu günə qədər istifadə etdiyiniz formalara maksimum və minimum nə qədər pul xərcləmisiniz?
Hər bir futbolçu üçün forma hədindən çox dəyərə malikdir. Əgər düzgün xatırlayıramsa, ən bahalı aldığım formanı 150 dollara, ən ucuzunu isə 35 manata almışdım.
Sizcə futbolçuların maaşı minimum və maksimum nə qədər olmalıdır?
Bu sualı konkret rəqəm olaraq cavablandırmaq çətin olar. Mən belə düşünürəm ki, hər bir şəxsə çalışdığı, sahib olduğu peşənin maddi dəyəri ölçüsüzdür. Çünki, istənilən şəxs istədiyi səviyyəyə yüksəlmək üçün aylarla hətta illərlə əziyyət çəkir, oxuyur, təhsil alır, müxtəlif layihələrə qoşulur, tədbirlərdə iştirak edir. Bəzən müxtəlif çətinliklərlə qarşılaşır. İstənilən halda çəkilən hər bir əziyyətin nəticəsinin maksimum qənaətli olacağı təqdirdə qiyməti də yüksək olmalıdır.
Maaşların gecikməyinə münasibətiniz necədir?
Çox yaxşı haldır ki, biz də belə bir problem olmur. Amma mənə görə həyatda hər şey vaxtında olarsa, daha gözəl olar.
Azərbaycanda fəaliyyət göstərən hansı bankların xidmətlərindən yararlanmısınız? Ad olaraq hansıların xidmətindən razı qalmısınız?
Deməli Beynəlxalq bank, Unibank və Kapital bankın xidmətlərindən istifadə etmişəm. Yəni xidmətlərindən də razıyam.
Son olaraq fikirləriniz maraqlı olardı ki, pul sizin üçün hansı dəyərə malikdir?
Maddiyyat hər birimizin həyatında önəm daşıyan faktorlardan biridir. Deyə bilmərəm ki, həyatımda ən vacib və ya əvəzsiz rol oynayır. Amma yəqin ki, hamı təsdiqləyər ki, pul olmadan müasir dövrdə yaşamaq bir qədər çətindir. Təbii ki, söhbət mənəvi yox maddi ehtiyaclardan gedir.
Aida İSAQ, Banco.az