Azərbaycan milli məhsulların Fars Körfəzi ölkələrinin bazarlarına ixrac coğrafiyasını genişləndirmək məqsədilə 2018-ci ilin sonuna qədər Birləşmiş Ərəb Əmirliklərinə iki ixrac missiyası göndərməyi planlaşdırır. Bu barədə Trend-ə açıqlamasında Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Əliyev bildirib. E.Əliyev deyib ki, xüsusilə, meyvə-tərəvəz, meyvə şirələri, bal, quru süd, ət, çay və fındıq kimi məhsulların Fars Körfəzi ölkələrinə ixracını və bu regionda fəaliyyət göstərən ticarət şəbəkələrinə çıxışını təmin etmək üçün danışıqlar davam etdirilir".
Onun sözlərinə görə, ixrac missiyalarının yerli istehsalçıların iştirakı ilə əsas məqsədi "Made in Azerbaijan" milli brendinin BƏƏ və digər Fars Körfəzi ölkələrinin bazarlarında təşviqindən ibarətdir.
Ticarət nümayəndəsi xatırladıb ki, ötən il Azərbaycanın ixran missiyaları Dubaya və Səudiyyə Ərəbistanına göndərilmişdi: "İndi tərəflər görüşlərin keçirilməsi üçün yerin və tarixin dəqiq müəyyənləşdirilməsi üçün danışıqlar aparır. Ötən il ixrac missiyaları noyabr və dekabr aylarında göndərilib və çox güman ki, bu il də missiyaların səfəri həmin dövrə təsadüf edəcək. Bu gün Azərbaycanda Dubay bazarına çıxmaq istəyən çox sayda orta və kiçik müəssisələr var və buna görə də Dubaya qarşıdakı ixrac missiyasında 10-dan çox Azərbaycan şirkətinin iştirakı gözlənilir. Azərbaycan məhsulları artıq Dubayda (Gulfood 2017) və Almaniyada (Prowein) keçirilən sərgilərdə nümayiş etdirilib və bu sərgilərdə 20 Azərbaycan şirkəti iştirak edib”.
İqtisadçı-alim Vüqar Bayramov banco.az-a açıqlamasında bildirdi ki, körfəz ölkələrinin bazarı Azərbaycanlı sahibkarlar üçün yeni imkandır: “Körfəz ölkələri ilə Azərbaycan arasında son dövrlərdə iqtisadi əlaqələr xeyli genişlənib. Amma bu əlaqələr hələlik arzuolunan səviyyədə deyil. Son dövrlərdə körfəz ölkələrindən Azərbaycana daha çox turist axını müşahidə eidlir. Əslində bu ölkələrin bazarlarında alıcılıq qabiliyyəti kifayət qədər yüksəkdir. Azərbaycan öz kənd təsərrüfatı və qida məhsullarını bu ölkələrin bazarına çıxara bilər. Qeyd edim ki, Azərbaycanın orqanik kənd təsərrüfatı məhsulları bu ölkələrdə maraq xeyli güclüdür. Bunu nəzərə alaraq deyə bilərəm ki, əslində həmin ölkələrə təkcə xammal deyil, emaledici qida məhsulları ixrac edilə bilər. Xüsusilə satışında müəyyən çətinlik olan bəzi aqrar məhsulların satışını bu bazarlarda asanlıqla təşkil etmək mümkündür. Bu həm də ölkəyə böyük valyuta axını gətirə bilər. Çünki körfəz ölkələrinin bazarı bizim üçün yeni bazarlardır. Azərbaycanlı sahibkarlar bu bazarlara çıxmaqla daha çox məhsul ixarc etmək və ölkəyə daha çox valyutanın cəlbinə nail ola bilərlər. Ümumilikdə götürdükdə isə son illərdə yeni bazarlara çıxış imkanlarının genişlənməsi ümumi iqtisadi inkişafa öz təsirini göstərir”.
Şəbnəm Mehdizadə, banco.az