Süni Zəka (Artificial İntelligence), Maşın Öyrənməsi (Machine Learning) və Dərin Öyrənmə (Deep Learning) arasındakı fərqi müəyyən etmək üçün gəlin, hər birinin qısa təriflərinə nəzər salaq.
Süni Zəka (AI) – texnologiyanın insan davranışlarını təkrarlamasının təmin edilməsidir.
Maşın Öyrənməsi (Machine learning) – Süni Zəkanın qurulmasından əvvəlki mərhələdir. Maşın öyrənməsi riyazi alqoritmlərin qurulması ilə problemlərin həll olunmasıdır. Maşın öyrənməsi alqoritmləri bir arada toplandıqda, kompleks şəkildə Süni Zəka adlanır.
Dərin Öyrənmə (Deep learning) – Maşın öyrənməsinin alt çoxluğudur. Dərin öyrənmə maşın öyrənməsinin tərkib hissəsidir və bir qədər çətin problemlərin həllində istifadə olunur.
Süni Zəka nədir?
İlk dəfə, akademik anlayış olaraq 1956-cı ildə ortaya atılan bu metodun məqsədi, problemlərin həll olunmasında insan zəkasının göstərdiyi performansın göstərilməsi idi. Təbii ki, o zamanlar bir dəmir parçasının insandan daha dəqiq qərarlar verəcəyi kimi bir fikir yox idi. Hətta hər kəs uyğunsuzluqların olacağını düşünərək ən ağıllı olanın hər zaman insan olduğunu düşünməkdə idi. Və təxminən yarım əsr ərzində, düşüncələrimiz o qədər çox dəyişdi ki, avtomatlaşdırılmış bütün sistemlərin insanlardan daha ağıllı olduğunu heç şübhəsiz qəbul edə bilirik. Süni zəkanın özəlliyi ondadır ki, sizin heç bir müdaxiləniz olmadan sistem özlüyündə suallara cavab tapır. Lakin suallara necə cavab tapdığını bilmirik. Necə sualı isə sadəcə 1980-ci illərdə ortaya çıxan Maşın Öyrənməsi vasitəsilə cavablandırıldı.
Maşın Öyrənməsi nədir?
Süni Zəkanın ilk araşdırmaçıları bu üsulda çatışmazlıqlar olduğunu görmüşdülər. Çətin və uzun kodlar sonrakı dəyikliklərə uyğun gəlmirdi və dəyişdirilə bilən deyildi. Süni Zəka prosesin nəticəsi idi. Unudulan nöqtə isə prosesin gedişatı idi. Təkmilləşdirilməli olan mərhələ tamamilə diqqətdən kənarda qaldığı üçün, Süni Zəka uğurlu olmadı. Səksənlərdən etibarən yenidən diqqət mərkəzinə gələrkən, Süni Zəka həvəskarları bu dəfə nəyi düzəlmək lazım olduğunu tapmışdılar. Araşdırdıqca ortaya çıxan metodlar sadəcə insan davranışlarının təkrarlanması çərçivəsində deyildi. Bu dəfə başqa üsullar da var idi. İlk dəfə bir mətn oxuduğunuz anı xatırlayırsınızmı? Elə birdən-birə oxumağa başlamadınız, deyilmi? Əvvəlcə hərfləri öyrəndiniz, sonra qrammatikanı. Tək-tək hər bir detalı öyrəndikdən sonra mətni oxuya bildiniz. Amma bütün bunları öyrənməkdə məqsəd mətni öyrənmək idi. Bəzən biz insanlar məqsədimizə o qədər çox bağlanırıq ki, məqsədimizə necə çatacağımız yaddan çıxır. Süni Zəkada olduğu kimi.
Maşın öyrənməsinin ən məşhur alqoritmlərindən biri də neyron şəbəkəsidir (Neural Networks). Neyron Şəbəkə alqoritmi bu kainatın ən güclü öyrənmə mexanizmi olan insan neyronlarından ilhamlanaraq qurulmuşdur. İnsanda neyronların işləmə mexanizminə uyğun şəkildə dizayn olunmuş bu alqoritm, dərin öyrənmənin (Deep learning) optimallaşdırmağa çalışdığı mövzudur.
Dərin Öyrənmə nədir?
Dərin öyrənmə neyron şəbəkənin daha yaxşı performans göstərməsi üçün optimallaşdırma hesab olunur. Əgər sizə at şəkli versəm, yəqinki onun at olduğunu biləcəksiniz. Bunu necə bildiyinizi düşünmüsünüzmü? Siz o şəkildəkinin at olduğunu, atın müxtəlif hissələrini birləşdirərək anlayırsınız və bütün bunlar sadəcə bir saniyədə, hətta daha az bir vaxtda baş verir. Neyronlarınız sizə tanış olan bütün heyvanları, cisimləri eyni zamanda analiz edərək, əvvəlki məlumatlara əsasən, nəyə daha çox bənzədiyini müəyyən edir. Eyni proseduru, başqa datalarda neyron şəbəkə alqoritmi ilə qurmaq, artıq çətin deyil.
Yəqin ki, ilk təriflər sizdə müəyyən təəssüratlar yaratdı. Ümumiləşdirərək, Dərin Öyrənmənin Maşın Öyrənməsinin tərkib hissəsi olduğunu, Maşın Öyrənməsinin isə Süni Zəkanın tərkib hissəsi olduğunu xatırlatmaq istəyirəm. Yəni qısacası, problemi həll etmək üçün detallara enirik və hər detal da kiçildikcə Dərin Öyrənməyə doğru gedir. Dərinə enirik yəni. Bəlkə gələcəkdə daha kiçik detalları nəzərə almaq üçün yeni anlayışlar yaradacaqsınız. Kim bilir? Məşhur bir ifadədə deyildiyi kimi, “İblis xırdalıqlarda gizlidir.”
Sevinc Hüseynova, Banco.az