İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, “Azərbaycan İqtisadi İslahatlar icmalı”nın xüsusi buraxılışını «Tikintiyə icazənin verilməsi indikatoru üzrə prosedurlara” həsr edib.
İcmalda “Doing Business - 2019” hesabatı üzrə “Tikintilərə icazələrin alınması” indikatoru üzrə aparılan islahatlara dair məlumatlar verilib. Qeyd edək ki, hesabatın “Tikintilərə icazələrin alınması” indikatoru üzrə Azərbaycanın mövqeyini yaxşılaşdırılması üçün tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi prosedurlarının sayı azaldılaraq, 10-a endirilib. Tikinti obyektlərinin tikinti layihəsi ekspertiza tələb olunan və tələb olunmayan obyektlərə ayrılıb və ekspertizası tələb olunmayan obyektlərin siyahısı genişləndirilib. Həmçinin bu istiqamət üzrə texniki şərtlər “Bir Pəncərə” prinsipi ilə sadəcə 1 sorğu vasitəsi ilə “ASAN Kommunal/Xidmət” mərkəzlərində əldə olunur.
Ümumilikdə tikinti obyektinin tikintisinə icazələrin verilməsi 3 mərhələdə aparılır:
İlk mərhələdə tikinti obyektinin layihələndirilməsi həyata keçirilir. Bu zaman Bakı Şəhər icra Hakimiyyəti “Bir Pəncərə” vasitəsi ilə 10 gün ərzində ilkin məlumatları əldə edilir. Bundan sonra lisenziyalı şirkətlər vasitəsi ilə mühəndis-axtarış işləri həyata keçirilir və FHN tərəfindən rəy verilir. Həmçinin layihəçi və ya müvafiq lisenziyalı şirkət tərəfindən topoqrafik tədqiqatlar aparılır.
İkinci mərhələdə Bakı Şəhər İcra Hakimiyyəti sənədlərin təqdim olunması və yoxlanılmasından sonra icazənin verilməsini həyata keçirir. Bu zaman 3 gün müddətində sifarişçi mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi,tikinti layihəsini, sifarişçi hüquqi şəxs olduqda, hüquqişəxslərin dövlət reyestrindən çıxarışın surətini təqdim edir. Ekspertiza təqdim olunmadıqda, Fövqəladə Hallar Nazirliyi (FHN) 15 gün ərzində öz rəyini bildirir. Texniki şərtlər isə Vahid Pəncərə prinsipi ilə “ASAN Kommunal/Xidmət” vasitəsi ilə əldə edilir. Belə ki, aidiyyəti qurumlarının rəy alınması ehtiyacı aradan qaldırılıb. .
Sonuncu - üçüncü mərhələdə istismara hazırlıq aktı, sınaq aktları tikinti layihəsi müvafiq icra hakimiyyəti orqanına təqdim olunur, tikili “Tikintilərin dövlət Reyestri”nə daxili olunur və istifadə kodu verilir, tikili “Daşınmaz Əmlakın Dövlət Reyestri”nə daxil olunur və çıxarış əldə olunur.
“Azərbaycan İqtisadi İslahatlar icmalı”nın aprel buraxılışı ilə bu link vasitəsi ilə tanış ola bilərsiniz:
http://iqtisadiislahat.org/columns
Qeyd edək ki, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2018” hesabatında Azərbaycan 8 pillə irəliləyərək 190 ölkə arasında 65 – ci pillədən 57-ci yerə yüksəlib və Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşdirilib.