3D oyun proqramlaşdırılması mövzusunda təlimlərə start verilir | Banco.az

3D oyun proqramlaşdırılması mövzusunda təlimlərə start verilir

“Hackathon Azerbaijan” layihəsi çərçivəsində həyata keçirilən “Game Jam” müsabiqəsinin qeydiyyat mərhələsi yekunlaşıb. Cari ilin 1-17 noyabr tarixləri arasında, gamejam.hackathon.az saytı vasitəsilə aparılan qeydiyyat zamanı müsabiqədə iştirak üçün 53 komanda müraciət edib. Təşkilat Komitəsi tərəfindən seçim zamanı isə bu komandalardan 42-i yarışda mübarizə aparmaq və müsabiqə çərçivəsində keçiriləcək təlimlərdə iştirak hüququ qazanıb.

Bundan əlavə, müsabiqə çərçivəsində nəzərdə tutulan təlimlər də böyük maraqla qarşılanıb. (https://www.facebook.com/HackathonAze/events/, gamejam.hackathon.az/telimciler/) Belə ki, 25 noyabrdan start götürüləcək təlimlərdə iştirakçılara ideyadan məhsula aparan yol, 3D oyun proqramlaşdırılması, Unity 3D, kompüter qrafikasına giriş, oyun sənayesinin riyazi əsasları, 3D texnologiyaları, oyun proqramlaşdırılmasından gəlir əldə edilməsi yolları və s. mövzular tədris olunacaq. Təlimlər müsabiqənin partnyorlarından olan Qərbi Kaspi Universitetində tədris olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “IDRAK” Texnoloji Transfer şirkətinin baş sponsorluğu ilə keçirilən «Game Jam» müsabiqəsinin mövzusu isə 3D oyunlar, 3D simulasiya və kompüter qrafikasıdır. Müsabiqənin keçirilməsində məqsəd bu sahədə kadr potensialının artırılması, müvafiq sahədə potensial proqramçıların üzə çıxarılmasıdır.

2018-ci ilin Yanvar ayının əvvəllərində isə qaliblərin seçimi və final mərasimi planlaşdırılır. Yarışma qaliblərinə qiymətli hədiyyələrin, əsas qalibə isə 3000 AZN pul mükafatının verilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.