Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-noyabr aylarında 28,8 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6% az sənaye məhsulu istehsal edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda qeyd edilib.
Sənaye məhsulunun 65,4%-i mədənçıxarma sektorunda, 28,5%-i emal sektorunda, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 1,%, əmtəəlik qaz hasilatı isə 4,9%azalıb.
Emal sektorunda qida məhsullarının istehsalı 4,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 39,1%, ağacın emalı və ağacdan məmulatların istehsalı 23,1%, kağız və karton istehsalı 7,3%, poliqrafiya məhsullarının istehsalı 1,7%, metallurgiya sənayesi məhsullarının istehsalı 2,0% artıb. Həmçinin, hazır metal məmulatlarının istehsalı 18,9%, kompüter və elektron məhsulların istehsalı 10,6%, elektrik avadanlıqlarının istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,9%, mebel istehsalı 10,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 42,6% artıb. İçkilərin istehsalı 12,9%, tütün məmulatlarının istehsalı 12,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 65,9%, kimya sənayesi məhsullarının istehsalı 14,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,9%, tikinti materiallarının istehsalı 11,4%, maşın və avadanlıqların istehsalı isə 14,5% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8% azalıb.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,9% artıb, neft sektorunda isə 1,3% azalıb.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 dekabr 2016-cı il vəziyyətinə 383,8 mln. manatlıq hazır məhsul olub.
Mənbə: Report.az