Dollara tələb hər gün artır.
Banklarda xarici valyuta qıtlığı dərinləşir. Təzahürlər bankda dollar satışı üzrə limitlərin aşağı düşməsinə və yaxud ümumiyyətlə, dollar satışını dayandırması ilə özünü göstərir.
Banco.az bu barədə Fins.Az-a istinadən xəbər verir.
Dollar çatışmır
Qeyd edək ki, dollar satışı hazırda banklar üçün əlavə gəlir mənbələrindən birinə çevrilib, lakin banklar tələbə qarşı dollar ala bilmədiyindən bu imkandan istifadə edə bilmirlər. Banklar öz müştərilərinin belə dollar tələbini ödəyə bilmirlər və müştərilərin xarici valyuta üzrə ödənişlərlə bağlı banka sorğuları 1-2 gün gecikmə ilə həyata keçirilir.
Dollara tələb hər gün artır
Xatırladaq ki, hazırda bankların dollara olan tələbatının ödənilməsi üçün təminatçı rolunda Azərbaycan Dövlət Neft Fondu çıxış edir. Fond həftədə iki dəfə, hər dəfə 50 milyon dollar olmaqla dolları bazara çıxarır. Banklar da dollarala olan əməliyyatları həmin hərraca uyğunlaşdırmaq məcburiyyətində qalırlar.
Beləliklə, həftə ərzində bazara çıxarılan dolların ümumi məbləği 100 milyon təşkil etdiyi halda, bankların tələbi hərraca çıxarılan valyutadan 12 dəfə çox - 600 milyon dolları ötür. Hərraclar isə həftənin 2-4-cü günləri saat 10-da “Bloomberg” üzərindən həyata keçirilir.
Saat 10:45-dək bu əməliyyatlar yekunlaşır və nəticədə gözlərini məhz hərracdan alacaqları dollar kütləsinə dikən banklar dollar satışı üzrə məzənnəni saat 11-dən sonra açıqlayırlar.
“Səhər vardı, satıb qutardıq”
Bundan sonra məzənnəni açıqlayan bankların da dollar satdığını əminliklə söyləmək olmaz. Çünki onların əksəriyyəti sadə vətəndaşları, “səhər vardı, satıb qutardıq”, və ya “indi yoxdu, axşam olacaq” kimi yalançı izahatlarla yola verməyə çalışırlar.
Banklar dollarla əməliyyatlarda öz müştərisinə üstünlük verirlər. Məlumdur ki, Mərkəzi Bank bir gün əvvəldən məzənnəni elan edir. Banklardan aldığımız məlumata görə, onlara rəsmi kurs səhər 9:30-da daxil olur.
Bundan sonra öz müştərilərinin tələblərini dəyərləndirən bankın hərracdan nə qədər dollar ala biləcəyi də sual altındadır. Bu səbəbdən də banklar əlində olan xarici valyuta ehtiyatına əsasən öz işlərini qurmağa çalışırlar.
Devalvasiya qorxusu
Əksər banklar öz real müştərilərini itirməmək məqsədilə dollar satışını dayandıraraq, malik olduğu dollar və avronu onların ödəmə əməliyyatları və ehtiyacları üçün xərcləyirlər.
Üstəlik banklarda təminat yoxdur ki, bir saat sonra devalvasiya olmayacaq. Beləliklə, ölkə iqtisadiyyatındakı mövcud durum, bankların xidməti timsalında özünü açıq şəkildə büruzə verir.