Həyat sığortası bazarında yığım və ödəniş artıb | Banco.az

Həyat sığortası bazarında yığım və ödəniş artıb

2015-ci ilin yanvar-avqust aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 26,2%-i və yaxud 82 milyon manatı həyat sığortasının payına düşüb.  Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 17,4% böyüyüb.

Həyat sığortasındakı yığımların 56,8%-i və ya 46,5 milyon manatı həyatın yaşam sığortasının, 31,2%-i və ya 25,6 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 10,4%-i və ya 8,5 milyon manatı həyatın ölüm halından sığortasının, 1,1%-i və ya 942 min manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,5%-i və ya 436 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

8 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 32,8 milyon manat təşkil edib.  Bu da ümumi ödənişlərin 28,2%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 60,5% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Həyat sığortası üzrə ödənişlərin 90,4%-i və ya 29,6 milyon manatı həyatın yaşam sığortasının, 4,8%-i və ya 1,6 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, yenə də 4,8%-i və ya 1,6 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 13,7 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 40 manat ödəniş həyata keçirilib.  2014-cü ilin yanvar-avqust aylarında bu rəqəm 29,3 manat olub.