Hesab.az portalında kartları təhlükəsiz qaydada yadda saxlayın | Banco.az

Hesab.az portalında kartları təhlükəsiz qaydada yadda saxlayın

Hesab.az portalının istifadəçiləri artıq ödəmələrini daha rahat, vaxt itirmədən və həm də tam təhlükəsiz şəkildə həyata keçirə biləcəklər. Belə ki, portalda yeni “kartların yadda saxlanılması” funksiyası istifadəçilərin istifadəsinə verilmişdir. Bu yeni funksiya istifadəçilərə özlərinə aid kartlarını təhlükəsiz şəkildə portalda bir dəfə qeydiyyata almağa və hər dəfə kart bilgilərini daxil etmədən ödəməyə imkan yaradır.

Bu yeni xidmət GoldenPay şirkətinin Millikart prosesinq mərkəzi ilə birgə əməkdaşlığı nəticəsində həyata keçmişdir. Millikart prosesinq mərkəzi Azərbaycanda PCI DSS təhlükəsizlik standartlarına cavab verən prosesinq mərkəzidir. Bu standardlar mərkəzə istənilən bankın kartlarını yadda saxlamağa imkan verir. Standardlar isə Visa və Mastercard beynəlxalq ödəniş sistemləri tərəfindən müəyyən edilmişdir. Kartlar Hesab.az portalında qeydiyyata alınsa da Millikart prosesinq mərkəzində saxlanılır. Bundan əlavə başqa məntiqi təhlükəsizlik mərhələləri də var ki, bu da istifadəçinin profili daha da qoruyur.

Ən sərfəli kredit üçün müraciət et

160 mindən çox qeydiyyatlı istifadəçisi olan Hesab.az portalının təsisçisi və icraçı direktoru Fərid İsmayılzadənin sözlərinə görə, "Təhlükəsizlik və istifadəçilərin rahatlığı bizim üçün ən prioritet məsələlərdir. Kart məlumatlarının yadda saxlamaq funksiyasını biz daha əvvəllər də aktivləşdirə bilərdik, lakin təhlükəsizlik məsələsinə görə gecikirdik. Millikart vasitəsilə bu məsələni yüksək səviyyədə həll etdikdən sonra istifadəçilərimiz əminliklə plastik kartlarını yaddaşda saxlayıb istənilən vaxt ödəniş edə biləcəklər. Həmçinin Google şirkətinin təhlükəsizlik məqsədilə istifadə etdiyi 2 Addımlı Doğrulama funksiyasından istifadə edərək, şəxsi hesabınıza kənar daxilolmaları sıfıra endirə bilərlər. Bütün bunlar hal-hazırda dünyada tətbiq edilən ən yüksək təhlükəsizlik standartlarıdır.