Müəllif: Gülnar Əhmədli, Banco.az
Sakit Okeanın tropik hissəsində dəniz səthinin temperaturunun normadan artıq yüksəlməsi ilə yaranan El Nino iqlim hadisəsinin bu il güclənəcəyi gözlənilir.
Banco.az xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının proqnozuna görə, avqust-oktyabr aylarında güclü El Nino şəraiti yarana bilər.
NOAA isə hadisənin oktyabr-dekabr aylarında “çox güclü” səviyyəyə çatma ehtimalını 90%-dən çox, 2027-ci ilin yazına qədər davam etmə ehtimalını isə 97% qiymətləndirir. El Nino quraqlıq, daşqın və temperaturun kəskin dəyişməsi ilə yanaşı, kənd təsərrüfatı, enerji, logistika və qiymətlərə də təsir göstərə bilər.
Ərzaq qiymətlərinə təzyiq arta bilər
Dəyişən yağıntılar düyü, qarğıdalı, soya, şəkər və kakao kimi məhsulların istehsalına təsir göstərə bilər. Avropa Mərkəzi Bankının araşdırmasına görə, orta güclü El Niño əmtəə qiymətləri inflyasiyasını növbəti 6-12 ay ərzində təxminən 3% artıra bilər. Enerji istisna olmaqla qlobal əmtəə qiymətlərində isə təxminən 5%-lik artım və təsirin 6-16 ay davam etməsi mümkündür.
Güclü El Niño şəraitində qlobal ərzaq qiymətlərinin təxminən iki il ərzində 9%-ə qədər yüksələ biləcəyi də proqnozlaşdırılır. Xüsusilə soya, qarğıdalı və düyü qiymətlərinin risk altında olduğu bildirilir.
Şəkər və mis də risk altındadır
Morgan Stanley-in qiymətləndirməsinə görə, şəkər El Nino səbəbindən qiymət artımına ən həssas məhsullardan biridir. Hindistan, Tayland və Cənub-Şərqi Asiyada zəif musson yağışları şəkər qamışı istehsalını azalda, Braziliyada güclü yağışlar isə məhsuldarlığa mənfi təsir göstərə bilər.
Mis də riskli xammallar sırasında göstərilir. Çilidə güclü yağış və daşqınlar mədən infrastrukturuna, Zambiyada quraqlıq isə su elektrik enerjisinin istehsalına və mədənlərin elektrik təminatına təsir göstərə bilər.
Enerji və logistika da təsirlənə bilər
El Nino bəzi regionlarda quraqlıq yaradaraq su elektrik stansiyalarının istehsalını azalda bilər. Digər tərəfdən, bəzi ərazilərdə daha mülayim qış təbii qaz və elektrik enerjisinə tələbatı aşağı sala bilər. Bu səbəbdən enerji bazarlarına təsir regiondan asılı olaraq dəyişəcək.
İqlim hadisəsi qlobal logistika və ticarətə də təsir göstərə bilər. 2023-cü ildə Mərkəzi Amerikadakı güclü quraqlıq Panama kanalında su səviyyəsinin kəskin azalmasına və gündəlik gəmi keçidlərinin 36-dan 24-ə endirilməsinə səbəb olmuşdu. Daha uzun alternativ marşrutlar isə daşınma xərclərini və çatdırılma müddətini artıra bilər.
El Nino-nun iqtisadi zərəri trilyonlarla ölçülür
Dartmut Kollecinin araşdırmasına görə, 1982-1983-cü illərdəki El Nino növbəti beş ildə qlobal gəlirlərdə təxminən 4,1 trilyon dollar, 1997-1998-ci illərdəki hadisə isə 5,7 trilyon dollar itkiyə səbəb olub. 2023-cü il El Ninosunun isə 2029-cu ilə qədər qlobal iqtisadiyyatda təxminən 3 trilyon dollar itki yaradacağı hesablanır.
Ümumilikdə, XXI əsrdə El Nino hadisələrinin qlobal iqtisadiyyata vurduğu zərərin 84 trilyon dollara çata biləcəyi proqnozlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!
