Kredit borcları niyə problemə çevrilir? | Banco.az

Kredit borcları niyə problemə çevrilir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin iyulun 1-i tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 719.3 milyon manat təşkil edib.

Problemli kreditlər 1 ay əvvəllə müqayisədə 13,2%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 36,4% artıb. Problemli kreditlər niyə artır? Buna səbəb nədir?

İqtisadçı Rəşad Həsənov Banco.az-a açıqlamasında bildirib ki, problemli kreditlərin artması ilə bağlı tendensiya əslində son bir neçə ildə müşahidə edilən iqtisadi proseslərin törəmə nəticəsi kimi ortaya çıxır:

"Azərbaycan iqtisadiyyatı faktiki olaraq zəif artım məcrasına daxil olub və yüksək inflyasiya müşahidə olunur, xüsusilə də xarici faktorların təsiri ilə. Əhalinin gəlirlərindəki artım dinamikası əhalinin xərclərindəki artım dinamikasını kompensasiya etmir.

Ola bilsin ki, statistik göstəricilərdə hansısa formada biz əhalinin gəlirlərinin inflyasiya ilə müqayisədə nisbətən daha yüksək olduğunu görürük. Amma həm əhalinin sayında artım, həm eyni zamanda gəlirlərin bölüşdürülməsi sistemində müşahidə edilən deqradasiya və əhalinin daha az hissəsinin gəlirlərin daha böyük hissəsini götürməsi ilə bağlı meyllərin artması, eyni zamanda digər tərəfdən əmək bazarında əməyin leqallaşdırılması istiqamətində tədbirlərin, faktiki əməyin sadəcə uçota alınması ilə əlaqədar statistik göstəricilərdə müşahidə edilən dəyişikliklər kimi amilləri nəzərə almış olsaq, hazırda əhalinin borclanmasını şərtləndirən əsas faktor məhz faktiki olaraq artan xərclər fonunda gəlirlərin kifayət qədər artmamasıdır. Bu, son dövrlərdə kəskin şəkildə əhalinin borclanma tempinin artmasına gətirib çıxarıb".

İqtisadçının sözlərinə görə, başqa bir səbəb təbii ki, kredit kartları ilə kreditlərin təklif olunması, davranış əsaslı kreditləşmə və s. bu kimi üsulların kreditə çıxış imkanını artırması, əlçatanlığı artırması və bundan qaynaqlanan müəyyən bir genişlənmə, bazarın, portfelin genişlənməsi idi: "Dolayısı ilə də bu kontekstdə biz artıq problemli kreditlərin həcminin artdığını müşahidə etmiş oluruq.

Yəni bu kimi halların qarşısının alınması üçün düşünürəm ki, həm maliyyə sektorunun özü - banklar, kredit təşkilatları, eyni zamanda digər tərəfdən monetar siyasəti həyata keçirən requlyator qurum müəyyən tədbirlərə artıq əl atmalıdır. Çünki baxmayaraq ki, hələlikdə problemli kreditlərin ümumi portfelə nisbəti, yəni qəbul edilmiş beynəlxalq normalara, maastrixt meyarları müqayisədə daha aşağıdır, amma problemin xroniki xarakter alması və davamlı olaraq problemli kreditlərin artması bu istiqamətdə tədbirlərin görülməsi zərurətini yaradır".

"Banklar müştərilərə münasibətdə fərdi yanaşma tətbiq etməklə artıq problemli məcrada daxil olmuş müştərilərinə restrukturizasiya təklifləri ilə müəyyən qədər bu təzyiqləri neytrallaşdırmağa çalışmalıdırlar. Eyni zamanda paralel olaraq da kredit siyasətini yenidən dizayn etməklə nisbətən daha etibarlı siyasət həyata keçirməyə üstünlük verməlidirlər.

Eyni zamanda Mərkəzi Bank da özünün prudensial çərçivələrini nəzərdən keçirməklə bankların bu istiqamətdəki ekspansiv siyasətini və yaxud da ki, daha riskli kreditləşmə siyasətini məhdudlaşdırmaq və onun çərçivələrini müəyyən qədər sərtləşdirməklə bağlı tədbirlər istiqamətində siyasətlər yaratmalıdır", - R. Həssənov qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram