“PAŞA Həyat” şirkətinin təşəbbüsü və təşkilatçılığı ilə bir qrup tərəfdaş korporativ bank müştərilərinin nümayəndələri Almaniyanın Montabaur şəhərində “Bank fəaliyyəti sahəsində risklərin idarə edilməsi” mövzusunda seminarda iştirak etmişlər.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AzərTAc-a bildirmişlər ki, seminarda Almaniya və digər Avropa ölkələrindən bank işi üzrə dəvət olunmuş ekspertlər “Bank fəaliyyəti sahəsində risklərin idarə edilməsi”, “Almaniya banklarında (kooperativ banklarında) risklərin idarə edilməsinin həyata keçirilməsi”, “Bazel Banklara Nəzarət Komitəsinin bank riskləri sahəsində qəbul etdiyi “Bazel II” və “Bazel III” sənədlərinin tələbləri”, həmçinin “Avropa bank nəzarəti orqanlarının inkişafı” və “Avropa bank islahatlarının ümumi meylləri və müasir vəziyyəti” mövzusunda geniş təqdimatlarla çıxış etmişlər.