Müəllif:Mehin Qasımova,Banco.az
Çin ABŞ-a qalium, germanium, sürmə və super bərk metalların ixracına qoyduğu qadağanı dayandırdığını açıqlayıb.
Banco.az xəbər edir ki, Çin Ticarət Nazirliyinin açıqlamasına görə, hərbi və mülki ikili təyinatlı məhsul və materialların ABŞ müdafiə sənayesi istehsalçılarına ixracını qadağan edən 3 dekabr 2024-cü il tarixli qərar 27 noyabr 2026-cı il tarixinədək dayandırılıb.
Qadağan çərçivəsində müdafiə və silah sistemlərində geniş istifadə olunan bu mineralların və super bərk metalların ABŞ-a ixracına “prinsip olaraq icazə verilməyəcəyi” bildirilib. Həmçinin akkumulyator və yanacaq elementlərinin istehsalında, müdafiə və aerokosmik sektorlarda geniş istifadə olunan qrafitin ixracına nəzarət davam edəcək.
Pekin administrasiyasının bu addımı ABŞ-ın o vaxtkı prezidenti Co Bayden administrasiyasının Çinin çip sektoruna tətbiq etdiyi əlavə məhdudiyyətlərə cavabdır. ABŞ Ticarət Departamentinə bağlı Sənaye və Təhlükəsizlik Bürosu (BIS) 2 dekabr 2024-cü il tarixində 24 növ çip istehsal edən avadanlıq və yarımkeçiricilərin hazırlanmasında istifadə olunan proqram təminatına ixrac məhdudiyyətləri tətbiq etmişdi. Məhdudiyyətlər həmçinin süni intellekt sistemlərində istifadə olunan HBM çiplərinin Çinə ixracını da qadağan etmişdi.
Eyni zamanda Çin Ticarət Nazirliyi daha 140 şirkəti ixrac nəzarətinə tabe olan “Müəssisə Siyahısı”na əlavə edib.
ABŞ və Çin son aylarda gərginliyə səbəb olan ticarət mübahisələrini qarşılıqlı olaraq təxirə salmışdılar. Oktyabrın 30-da Cənubi Koreyanın Busan şəhərində keçirilən görüşdə tərəflər kritik iqtisadi və ticarət mübahisələrini bir il müddətinə təxirə salmaq barədə razılığa gəliblər.
Sentyabrın 29-da ABŞ ixrac nəzarətinə məruz qalan xarici şirkətlərin öz səhmlərinin 50%-dən çoxuna sahib olduğu tərəfdaşlıqları əhatə edən “təşkilat siyahısı”nın tətbiqini bir il müddətinə təxirə salmışdı. Çin isə oktyabrın 9-da nadir torpaqların ixracına nəzarət tədbirlərini bir il müddətinə təxirə salacağını açıqlamışdı.
Bu qərarlar tərəflər arasında iqtisadi gərginliyi azaltmaq və strateji məhsulların ticarətində sabitliyi qorumaq məqsədi daşıyır.
