Tarixin ən bahalı şirkət satınalmaları: Şirkətlər bir-birinə niyə yüz milyardlarla dollar ödəyir? | Banco.az

Tarixin ən bahalı şirkət satınalmaları: Şirkətlər bir-birinə niyə yüz milyardlarla dollar ödəyir?

Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az

Dünya biznes tarixində elə satınalmalar var ki, onların dəyəri kiçik ölkələrin illik iqtisadi məhsulunu belə üstələyir. Böyük korporasiyalar bazar payını artırmaq, rəqiblərini geridə qoymaq, yeni texnologiyalara sahib olmaq və qlobal bazarlarda mövqelərini gücləndirmək üçün digər şirkətləri milyardlarla, hətta yüz milyardlarla dollara satın alırlar.

Bu əməliyyatlar bəzən bütöv sənayelərin gələcəyini dəyişir. Telekommunikasiya, media, enerji, əczaçılıq və texnologiya sektorlarında baş verən nəhəng satınalmalar dünya biznes tarixinin ən mühüm hadisələri sırasında yer alır. Xüsusilə son illərdə süni intellekt və texnologiya şirkətlərinə marağın artması bu sahədə yeni rekordların yaranmasına səbəb olub.

Bəs tarixin ən bahalı şirkət satınalmaları hansılardır? Bu əməliyyatların arxasında hansı biznes strategiyaları dayanır və milyardlarla dollar ödəyən şirkətlər gözlədikləri nəticəni əldə edə biliblərmi?

SpaceX – xAI: 250 milyard dollarlıq tarixi satınalma

2026-cı ilin fevralında Elon Maskın rəhbərlik etdiyi “SpaceX” süni intellekt şirkəti xAI-ni satın aldığını açıqladı. “Reuters”in məlumatına görə, əməliyyat zamanı xAI təxminən 250 milyard dollar, “SpaceX” isə 1 trilyon dollar dəyərində qiymətləndirilib. Bu razılaşma korporativ tarixdə ən böyük birləşmə və satınalma əməliyyatı kimi qeydə alınıb.

“xAI Grok” adlı süni intellekt modelinin yaradıcısıdır. “SpaceX” isə raket texnologiyaları, kosmik daşımalar və Starlink peyk interneti ilə tanınır. Bu iki şirkətin birləşdirilməsində əsas məqsəd süni intellekt imkanlarını kosmik texnologiyalarla əlaqələndirməkdir.

Planın əsas istiqamətləri arasında kosmosda məlumat mərkəzlərinin yaradılması, böyük hesablama infrastrukturunun inkişafı və Starlink şəbəkəsinin süni intellekt xidmətləri ilə inteqrasiyası yer alır.

Burada vacib bir məqam var: 250 milyard dollar xAI-nin qiymətləndirilməsidir, “SpaceX”in ödədiyi nağd pul deyil. Əməliyyat əsasən səhm mübadiləsi mexanizmi əsasında həyata keçirilib.

Bu razılaşma süni intellektin gələcəyin ən böyük biznes istiqamətlərindən birinə çevrildiyini və texnologiya şirkətlərinin artıq kosmik sənaye ilə də birləşməyə başladığını göstərir.

Vodafone – Mannesmann: Telekommunikasiya tarixinin nəhəng satınalması

1999-cu ildə Britaniyanın “Vodafone” şirkəti Almaniyanın Mannesmann şirkətini satın almaq üçün təklif irəli sürdü. Əməliyyatın ümumi dəyəri borc öhdəlikləri də daxil olmaqla təxminən 202,8 milyard dollar qiymətləndirilirdi. Bu satınalma dövrünün ən böyük korporativ əməliyyatlarından biri olmaqla yanaşı, Avropa biznes tarixində də mühüm hadisəyə çevrildi.

“Vodafone”un məqsədi beynəlxalq telekommunikasiya bazarında mövqeyini gücləndirmək və daha böyük mobil operator yaratmaq idi.

Mannesmann isə Almaniyada sənaye və telekommunikasiya sahələrində fəaliyyət göstərən böyük şirkətlərdən biri idi. Əməliyyat Almaniyada ciddi müzakirələrə səbəb oldu. Çünki xarici şirkət ölkənin ən böyük korporasiyalarından birini əldə etməyə çalışırdı.

Nəticədə satınalma 2000-ci ildə tamamlandı və “Vodafone” beynəlxalq mobil rabitə bazarında mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi.

AOL – Time Warner: İnternet və ənənəvi medianın 182 milyard dollarlıq birləşməsi

2000-ci ildə internet şirkəti “AOL” ilə media nəhəngi “Time Warner”in birləşməsi biznes tarixinin ən çox müzakirə olunan əməliyyatlarından birinə çevrildi. Təxminən 182 milyard dollar dəyərində qiymətləndirilən bu razılaşmanın əsas ideyası internet və ənənəvi media imkanlarını vahid biznes strukturunda birləşdirmək idi. Həmin dövrdə internet iqtisadiyyatı sürətlə inkişaf edirdi. “AOL” milyonlarla istifadəçiyə internet xidməti təqdim edir, “Time Warner” isə televiziya, kino, nəşriyyat və digər media aktivlərinə sahib idi. Şirkətlərin strategiyası “AOL”un rəqəmsal auditoriyasını “Time Warner”-in media məzmunu ilə birləşdirməkdən ibarət idi. Lakin gözlənilən nəticə əldə olunmadı.

Dot-com böhranı, internet reklam bazarındakı dəyişikliklər və şirkətlərin fərqli korporativ mədəniyyətləri birləşmənin effektivliyini zəiflətdi.

2009-cu ildə AOL və Time Warner ayrıldı.

Bu hadisə biznes dünyasına mühüm dərs verdi: iki böyük şirkətin birləşməsi avtomatik olaraq uğurlu biznes modelinin yaranması demək deyil.

Verizon – Vodafone: 130 milyard dollarlıq strateji satınalma

2013-cü ildə ABŞ-ın telekommunikasiya nəhəngi Verizon Britaniyanın “Vodafone” şirkətindən “Verizon Wireless”dəki 45 faizlik payını satın aldı. Əməliyyatın ümumi dəyəri təxminən 130 milyard dollar təşkil edirdi. Həmin vaxt “Verizon Wireless” ABŞ-ın ən böyük mobil operatorlarından biri idi. Vodafone isə şirkətdə əhəmiyyətli paya sahib idi. Satınalmanın əsas məqsədi Verizon-un mobil biznes üzərində tam nəzarət əldə etməsi idi.

Əməliyyat nəticəsində “Verizon” strateji qərarları daha müstəqil qəbul etmək və ABŞ mobil rabitə bazarında mövqeyini gücləndirmək imkanı qazandı.

Dow Chemical – DuPont: Kimya sənayesində 130 milyard dollarlıq birləşmə

2015-ci ildə ABŞ-ın iki böyük kimya şirkəti “Dow Chemical” və “DuPont” birləşmək barədə razılığa gəldi.

Təxminən 130 milyard dollar dəyərində qiymətləndirilən əməliyyat kimya sənayesinin ən böyük korporativ birləşmələrindən biri idi. Məqsəd tədqiqat və inkişaf xərclərini optimallaşdırmaq, istehsal imkanlarını genişləndirmək və qlobal bazarda rəqabət gücünü artırmaq idi.

Birləşmədən sonra DowDuPont adlı yeni korporativ struktur yaradıldı.

Lakin tərəflərin strategiyası bununla yekunlaşmadı. Sonrakı mərhələdə şirkət yenidən təşkil edildi və üç müstəqil biznes formalaşdırıldı:

Dow – materialşünaslıq və kimyəvi məhsullar;

DuPont – xüsusi kimyəvi məhsullar və innovativ materiallar;

Corteva – kənd təsərrüfatı texnologiyaları və toxumçuluq.

Bu nümunə göstərir ki, böyük birləşmələr bəzən şirkətlərin daha sonra yenidən bölünməsinə və fərqli biznes istiqamətlərində fəaliyyət göstərməsinə də şərait yaradır.

United Technologies – Raytheon: Müdafiə sənayesində 121 milyard dollarlıq birləşmə

2019-cu ildə ABŞ-ın “United Technologies” və “Raytheon” şirkətləri birləşmək barədə razılığa gəldilər.

Təxminən 121 milyard dollar dəyərində qiymətləndirilən əməliyyat nəticəsində “Raytheon Technologies” adlı yeni şirkət yaradıldı. Şirkət sonradan RTX adlandırıldı. Birləşmənin əsas məqsədi aviasiya və müdafiə sənayesində texnoloji imkanları birləşdirmək idi.

“Raytheon” raket sistemləri, radarlar və müdafiə texnologiyaları ilə tanınırdı. “United Technologies” isə aviasiya mühərrikləri və aerokosmik sistemlər sahəsində böyük təcrübəyə malik idi.

Bu birləşmə şirkətlərə həm dövlət sifarişləri, həm də beynəlxalq müdafiə bazarında daha geniş imkanlar qazandırdı.

Gaz de France – Suez: Enerji sektorunda 107 milyard dollarlıq birləşmə

2007-ci ildə Fransanın “Gaz de France” və “Suez” şirkətləri birləşərək yeni enerji nəhəngi yaratdılar.

Təxminən 107 milyard dollar dəyərində qiymətləndirilən əməliyyatın əsas məqsədi enerji istehsalı, təbii qaz təchizatı və beynəlxalq enerji bazarındakı mövqeyi gücləndirmək idi. Birləşmədən sonra yaranan şirkət əvvəlcə “GDF Suez” adlandırıldı, daha sonra isə “Engie” adını aldı. Bu əməliyyat Avropanın enerji sektorunda konsolidasiyanın mühüm nümunələrindən biri hesab olunur.

AB InBev – SABMiller: Pivə sənayesinin 107 milyard dollarlıq satınalması

2015-ci ildə dünyanın ən böyük pivə istehsalçılarından biri olan Anheuser-Busch InBev Britaniyanın “SABMiller” şirkətini satın almaq üçün razılığa gəldi. Təxminən 107 milyard dollar dəyərində qiymətləndirilən əməliyyat qlobal içki sənayesinin ən böyük satınalmalarından biri idi. AB InBev Budweiser, Stella Artois və digər beynəlxalq markalarla tanınırdı. SABMiller isə xüsusilə Afrika və Latın Amerikası bazarlarında güclü mövqeyə malik idi. Satınalmanın əsas məqsədi beynəlxalq bazarlarda mövqeləri genişləndirmək, istehsal imkanlarını birləşdirmək və distribusiya şəbəkəsini gücləndirmək idi.

Əməliyyatın tamamlanmasından sonra AB InBev dünyanın ən böyük pivə istehsalçısı mövqeyini daha da möhkəmləndirdi.

Heinz – Kraft: Qida sənayesində 100 milyard dollarlıq birləşmə

2015-ci ildə məşhur qida brendləri Heinz və Kraft birləşərək Kraft Heinz şirkətini yaratdılar. Təxminən 100 milyard dollar dəyərində qiymətləndirilən bu əməliyyat qida sənayesinin ən böyük birləşmələrindən biri idi. Heinz ketçup və sous məhsulları, Kraft isə pendir və digər qida məhsulları ilə tanınırdı.

Birləşmənin əsas təşəbbüskarları arasında 3G Capital investisiya şirkəti və Warren Buffett-in rəhbərlik etdiyi Berkshire Hathaway yer alırdı. Strategiyanın əsasını xərclərin azaldılması, əməliyyat səmərəliliyinin artırılması və qlobal satış imkanlarının genişləndirilməsi təşkil edirdi.

Lakin sonrakı illərdə şirkət dəyişən istehlakçı davranışları, bazar rəqabəti və brendlərin inkişafı ilə bağlı çətinliklərlə üzləşdi.

Bu nümunə göstərdi ki, məşhur brendləri birləşdirmək onların bazar dəyərini artırmaq üçün kifayət etmir. İstehlakçı tələbinə uyğunlaşmaq da vacibdir.

Microsoft – Activision Blizzard: Videooyun sənayesində 68,7 milyard dollarlıq satınalma

2022-ci ildə Microsoft videooyun sənayesinin ən böyük şirkətlərindən biri olan Activision Blizzard-ı satın almaq planını açıqladı. Əməliyyatın dəyəri 68,7 milyard dollar idi və 2023-cü ilin oktyabrında tamamlandı.

Activision Blizzard Call of Duty, World of Warcraft və Candy Crush kimi məşhur oyunların istehsalçısıdır.

Microsoft-un əsas məqsədi Xbox ekosistemini gücləndirmək, oyun portfelini genişləndirmək və mobil oyun bazarında mövqeyini artırmaq idi. Satınalma üçün müxtəlif ölkələrin rəqabət tənzimləyicilərinin razılığı tələb olunurdu. Xüsusilə Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi bulud oyunları bazarında rəqabətlə bağlı narahatlıqlarını bildirmişdi. Microsoft müəyyən şərtləri qəbul etdikdən sonra əməliyyatı tamamlaya bildi.

Bu satınalma texnologiya şirkətlərinin gələcəkdə istifadəçilərin vaxtı və rəqəmsal platformalar üzərində rəqabət aparmaq üçün nə qədər böyük investisiyalara hazır olduğunu göstərir.

Şirkətlər niyə yüz milyardlarla dollar xərcləyir?

Tarixin ən bahalı satınalmalarının arxasında müxtəlif biznes strategiyaları dayanır. Lakin onların əksəriyyətini bir neçə əsas məqsəd birləşdirir. Bazar payını artırmaq: Şirkətlər rəqiblərini satın alaraq müştəri bazasını genişləndirir və bazarda mövqelərini gücləndirirlər.

Yeni texnologiyalara sahib olmaq: Microsoft-un Activision Blizzard-ı, SpaceX-in isə xAI-ni əldə etməsi texnologiyanın müasir satınalmalarda nə qədər əhəmiyyətli olduğunu göstərir.

Yeni bazarlara daxil olmaq: Vodafone və AB InBev kimi şirkətlər beynəlxalq bazarlardakı mövqelərini genişləndirmək üçün satınalmalardan istifadə ediblər.

Xərcləri azaltmaq: Birləşmələr istehsal, logistika, marketinq və idarəetmə xərclərinin optimallaşdırılmasına imkan yarada bilər.

Uzunmüddətli üstünlük əldə etmək: Bəzi şirkətlər dərhal gəlir əldə etmək əvəzinə, gələcəkdə böyüməsi gözlənilən sektorlarda mövqe qazanmağa çalışırlar.