Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az
Son illərdə dünyanın bir çox ölkəsində maraqlı iqtisadi tendensiya müşahidə olunur: insanların nominal gəlirləri artsa da, onların özlərini əvvəlki qədər imkanlı hiss etmələri getdikcə çətinləşir. Xüsusilə orta təbəqəyə daxil olan ailələr daha çox işləmələrinə və daha yüksək maaş almalarına baxmayaraq, mənzil almaq, övladlarının keyfiyyətli təhsilini təmin etmək, sağlamlıq xərclərini qarşılamaq və yığım etməkdə çətinlik çəkirlər.
Əvvəllər orta təbəqəyə aid olmaq müəyyən iqtisadi təminat demək idi. Sabit iş, avtomobil, mənzil, ildə bir dəfə istirahət və övladların yaxşı təhsil alması orta səviyyəli ailənin əlçatan məqsədləri hesab olunurdu. İndi isə bir çox insan üçün bu imkanlar getdikcə daha bahalı və çətin əldə olunan hədəflərə çevrilir.
Bəs problem nədədir? Orta təbəqə həqiqətən yoxsullaşır, yoxsa dəyişən iqtisadi şərtlər insanlarda belə bir təəssürat yaradır?
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2019-cu ildə dərc etdiyi "Under Pressure: The Squeezed Middle Class" adlı araşdırması orta təbəqənin üzləşdiyi problemləri geniş şəkildə təhlil edir.
Araşdırmaya görə, OECD ölkələrində orta gəlirli ailələrin əhalidəki payı 1980-ci illərin ortalarındakı 64 faizdən 2010-cu illərin ortalarında 61 faizə düşüb. Təşkilat orta təbəqəni milli median gəlirin 75-200 faizi arasında gəlir əldə edən ailələr kimi müəyyənləşdirir.
Araşdırmanın diqqətçəkən nəticələrindən biri də odur ki, son 30 il ərzində orta gəlirlər ən yüksək gəlirli 10 faizin gəlirlərindən daha yavaş artıb. Eyni zamanda, orta təbəqənin həyat tərzinin əsas elementləri olan mənzil, təhsil və səhiyyə xidmətlərinin qiyməti ümumi inflyasiyanı üstələyib.
Bu vəziyyət orta təbəqənin iqtisadi mövqeyini zəiflədərək onun əvvəlki həyat standartlarını qorumasını çətinləşdirib.
Gəlirlər artır, amma alıcılıq qabiliyyəti eyni sürətlə yüksəlmir
Orta təbəqənin yoxsullaşma hissinin əsas səbəblərindən biri nominal gəlirlə real alıcılıq qabiliyyəti arasındakı fərqdir. Məsələn, bir şəxsin aylıq əməkhaqqı 1 500 manatdan 1 650 manata yüksəlirsə, bu, nominal olaraq 10 faizlik artım deməkdir. Lakin həmin dövrdə onun gündəlik xərcləri də 10 faiz və ya daha çox artıbsa, gəlir artımının real faydası hiss olunmayacaq.
Başqa sözlə, insan daha çox pul qazansa da, əvvəl ala bildiyi məhsul və xidmətləri əldə etmək üçün eyni vəsaiti xərcləməyə davam edir. Bu problemin başqa bir tərəfi də inflyasiyanın bütün məhsul və xidmətlərə eyni təsir göstərməməsidir. Məsələn, ailə büdcəsində ərzaq, kirayə, kommunal xidmətlər və nəqliyyat xərcləri böyük yer tutursa, məhz bu kateqoriyalardakı qiymət artımı həmin ailənin rifahına daha ciddi təsir edir.
Beynəlxalq Valyuta Fondunun 2026-cı ildə Azərbaycan üzrə dərc etdiyi hesabatda ərzaq məhsullarının 2024-cü ilin sonuna ölkənin istehlak səbətində 43,2 faiz paya malik olduğu qeyd edilir. Hesabata görə, ərzaq inflyasiyası 2025-ci ilin oktyabrında illik 8,2 faizə yüksəlib, 2026-cı ilin yanvarında isə 7,1 faiz təşkil edib. Bu göstəricilər xüsusilə gəlirlərinin böyük hissəsini gündəlik istehlaka yönəldən ailələr üçün qiymət artımının niyə daha kəskin hiss olunduğunu izah edir.
Mənzil sahibi olmaq orta təbəqə üçün getdikcə çətinləşir
Orta təbəqənin maliyyə vəziyyətinə təsir edən ən mühüm amillərdən biri mənzil bazarıdır.
Əvvəllər sabit işi və müntəzəm gəliri olan şəxsin müəyyən müddət ərzində mənzil alması real maliyyə hədəfi hesab edilirdi. İndi isə bir çox şəhərdə daşınmaz əmlak qiymətlərinin gəlirlərlə müqayisədə daha sürətlə artması bu məqsədə çatmağı çətinləşdirir.
OECD-nin araşdırmasına əsasən, son iki onillikdə mənzil qiymətləri orta ev təsərrüfatı gəlirlərindən təxminən üç dəfə sürətlə artıb. Təşkilatın məlumatlarında orta gəlirli ailələrin büdcəsinin təxminən üçdə birinin mənzil xərclərinə yönəldiyi də göstərilir. Azərbaycanın paytaxtı Bakıda da mənzil əlçatanlığı mühüm iqtisadi məsələlərdən biridir.
Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin birinci yarısı üzrə Maliyyə Sabitliyi Hesabatında qeyd olunur ki, 2025-ci ilin iyun ayına Bakıda median aylıq kirayə qiyməti 883 manat təşkil edib.
Həmin hesabatda orta mənzil qiymətinin Bakıda orta aylıq nominal əməkhaqqına nisbəti 217 ay, başqa sözlə, təxminən 18,1 il olaraq hesablanıb.
Bu hesablamanın əsas mənası odur ki, orta əməkhaqqı alan şəxs bütün maaşını yığsa belə, orta mənzilin dəyərinə çatmaq üçün 18 ildən çox vaxt sərf etməlidir. Təbii ki, real həyatda insanların gündəlik yaşayış xərcləri olduğundan bu müddət daha da uzana bilər.
Nəticədə orta təbəqə üçün mənzil sahibi olmaq sadəcə gəlir məsələsi deyil, uzunmüddətli maliyyə imkanları və ailə büdcəsinin idarə edilməsi məsələsinə çevrilir.
Təhsil və səhiyyə xərcləri ailə büdcəsini sıxışdırır
Orta təbəqənin ənənəvi xüsusiyyətlərindən biri övladlarına keyfiyyətli təhsil vermək və sağlamlıqlarını təmin etmək imkanına malik olmasıdır. Lakin bu xidmətlərin bahalaşması ailələrin maliyyə vəziyyətinə əlavə təzyiq yaradır. Özəl məktəblər, universitetlər, əlavə hazırlıq kursları, xarici dil dərsləri və digər təhsil xidmətləri valideynlər üçün əhəmiyyətli xərc mənbəyinə çevrilə bilər.
Səhiyyə sahəsində də oxşar vəziyyət müşahidə olunur. Tibbi müayinələr, dərmanlar, stomatoloji xidmətlər və digər tibbi xərclər gözlənilməz şəkildə ailə büdcəsinə ciddi təsir göstərə bilir.
OECD-nin araşdırması göstərir ki, orta gəlirli ailələrdə səhiyyə və təhsil xərclərinin artması yığım imkanlarını məhdudlaşdıran əsas amillər sırasındadır.
Beləliklə, ailə gəlirlərinin artan hissəsi artıq yeni imkanlar yaratmağa deyil, mövcud həyat standartını qorumağa sərf olunur.
Kredit və borc asılılığı artır
Orta təbəqənin maliyyə vəziyyətini çətinləşdirən digər amil kreditlərdən asılılığın artmasıdır. Mənzil, avtomobil, məişət texnikası və digər böyük alışlar üçün kreditlərə müraciət edən ailələr aylıq gəlirlərinin müəyyən hissəsini əvvəlcədən borc ödənişlərinə ayırmalı olurlar.
İlk baxışdan kreditlər insanlara daha yüksək həyat standartına sahib olmaq imkanı yaradır. Lakin borc öhdəlikləri artdıqca ailənin sərbəst istifadə edə biləcəyi vəsait azalır.
Məsələn, aylıq 2 000 manat gəliri olan ailənin 700 manatı kredit ödənişlərinə, 600 manatı kirayəyə, 500 manatı ərzaq və kommunal xərclərə yönəlirsə, digər ehtiyaclar və yığım üçün cəmi 200 manat qalır.
Belə bir ailənin nominal gəliri yüksək görünsə də, maliyyə baxımından manevr imkanları kifayət qədər məhduddur. OECD-nin araşdırmasına görə, 18 Avropa OECD ölkəsində orta gəlirli ailələrin təxminən 40 faizi maliyyə baxımından həssas vəziyyətdədir. Bu qrupa gözlənilməz xərcləri qarşılamaqda çətinlik çəkən və ya gəlirlərində qəfil azalma baş verdikdə maliyyə problemləri ilə üzləşən ailələr daxildir.
Orta təbəqə gələcəyinə əvvəlki qədər əmin deyil
Yoxsullaşma hissi yalnız bugünkü xərclərlə bağlı deyil. İnsanların gələcək barədə gözləntiləri də bu hissin formalaşmasında mühüm rol oynayır. Əvvəllər sabit iş yeri və peşə təcrübəsi insanın uzun illər ərzində iqtisadi təhlükəsizliyini qorumasına kömək edirdi. İndi isə texnoloji dəyişikliklər, avtomatlaşdırma və süni intellekt əmək bazarında yeni risklər yaradır.
Bəzi peşələrə tələbat azalır, digərləri isə yeni bacarıqlar tələb edir. Nəticədə uzun illər eyni sahədə çalışan insanlar belə peşəkar biliklərini yeniləmək və əmək bazarında rəqabət qabiliyyətlərini qorumaq məcburiyyətində qalırlar.
OECD-nin araşdırmasına əsasən, orta gəlirli işçilərin təxminən hər altısından birinin çalışdığı peşə avtomatlaşdırma baxımından yüksək risk qrupuna daxildir. Bu isə orta təbəqənin yalnız mövcud gəliri deyil, gələcək qazanc imkanları ilə bağlı da narahatlığını artırır.
Sosial müqayisə və istehlak təzyiqi
Orta təbəqənin özünü yoxsul hiss etməsinin bütün səbəbləri iqtisadi göstəricilərlə izah olunmur. Burada sosial və psixoloji amillərin də rolu var. Sosial media insanların həyat tərzlərini müqayisə etməsini daha da asanlaşdırıb. Səyahətlər, bahalı avtomobillər, yeni mənzillər, restoranlar və lüks istehlak nümunələri gündəlik olaraq insanların qarşısına çıxır. Bu vəziyyət istehlak gözləntilərini yüksəldir.
İnsan əvvəlki illərlə müqayisədə daha yaxşı yaşasa belə, özünü daha imkanlı insanlarla müqayisə etdikdə maliyyə vəziyyətini qənaətbəxş hesab etməyə bilər.
OECD də orta təbəqənin istehlak davranışlarına toxunaraq yüksək gəlirli qrupların həyat tərzini təqlid etməyin əlavə maliyyə təzyiqi yarada biləcəyini vurğulayır.
Beləliklə, yoxsullaşma hissinin bir hissəsi real qiymət artımlarından, digər hissəsi isə dəyişən sosial gözləntilərdən qaynaqlana bilər.
Azərbaycan reallığında orta təbəqənin vəziyyəti necə görünür?
Azərbaycanda orta təbəqənin maliyyə vəziyyətini qiymətləndirərkən gəlir artımı ilə yaşayış xərclərinin dinamikasını birlikdə nəzərdən keçirmək vacibdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 1 174,4 manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artıb.
Eyni dövrdə istehlak qiymətləri indeksi 5,7 faiz yüksəlib. Bu rəqəmlər nominal əməkhaqqının inflyasiyadan daha sürətli artdığını və orta hesabla real əməkhaqqında müsbət dinamikanın olduğunu göstərir. Sadələşdirilmiş hesablamaya görə, real artım təxminən 1,2 faiz təşkil edir.
Çünki orta aylıq əməkhaqqı ölkə üzrə ümumiləşdirilmiş göstəricidir. Ayrı-ayrı sahələrdə çalışanların gəlirləri, regionlar üzrə əməkhaqqı fərqləri və ailələrin xərclərinin strukturu bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Məsələn, kirayədə yaşayan, iki övladının təhsil xərclərini qarşılayan və avtomobil krediti ödəyən ailənin maliyyə vəziyyəti eyni nominal gəlirə sahib, lakin öz mənzilində yaşayan və kredit öhdəliyi olmayan ailədən xeyli fərqli ola bilər.
Bu səbəbdən ümumi iqtisadi göstəricilərdə artım müşahidə edilsə də, müəyyən ailələrin gündəlik həyatında maliyyə təzyiqi davam edə bilər.
Orta təbəqənin zəifləməsi iqtisadiyyat üçün niyə təhlükəlidir?
Orta təbəqə istənilən iqtisadiyyatın mühüm dayaqlarından biridir. Çünki bu təbəqə həm istehlakın, həm də yığım və investisiyaların formalaşmasında əhəmiyyətli rol oynayır. Orta gəlirli ailələr maliyyə baxımından daha çox sıxışdıqda ilk növbədə əlavə istehlak xərclərini azaldırlar. Restoran, turizm, əyləncə, geyim və digər xidmətlərə ayrılan büdcə məhdudlaşır.
Bu isə öz növbəsində həmin sahələrdə fəaliyyət göstərən bizneslərə təsir edir.
Digər tərəfdən, ailələrin yığım imkanlarının azalması onların gələcəkdə mənzil, təhsil və digər uzunmüddətli məqsədlər üçün investisiya etmək imkanlarını məhdudlaşdırır.
Orta təbəqənin zəifləməsi sosial mobilliyə də təsir göstərir. Yəni aşağı gəlirli ailələrin daha yüksək gəlir qrupuna keçməsi çətinləşir, gələcək nəsillərin daha yaxşı həyat standartına nail olmaq imkanları məhdudlaşır.
