Dünyanın ən simvolik memarlıq strukturları haqqında 5 maraqlı fakt | Banco.az

Dünyanın ən simvolik memarlıq strukturları haqqında 5 maraqlı fakt

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bəzi binalar təkcə betondan, şüşədən, mərmərdən tikilmir. Həmçinin özlərində sirləri ehtiva edən və keçmişdən bu günə müxtəlif hekayələri saxlayırlar. Gəlin, dünyanın ən simvolik tikililəri haqqında bəzi maraqlı faktlara nəzər salaq.

1. Eyfel qülləsinin üstündə bir ev var idi.

Parisin simvolu olan Eyfel qülləsinin üstündə bir ev var. Amma bu, adi bir ev deyil. Fransız mühəndis Qustavo Eyfel təkcə bu qülləni dizayn etməyib, həm də yuxarıda özü üçün şəxsi mənzil tikdirib.

Ancaq bu mənzil hər kəs üçün açıq deyildi. İçəridə böyük bir piano, şkaflar və rahat mebel var idi. Eyfel bu xüsusi sahəyə keçməyə yalnız seçilmiş bir neçə şəxsə icazə verdi.

1923-cü ildə Qustavo Eyfel vəfat etdikdən sonra mənzil uzun müddət ictimaiyyət üçün bağlı qaldı, lakin 2015-ci ildə mini muzeyə çevrildi. İndi Eyfel qülləsinin zirvəsinə çıxan turistlər pəncərənin arxasından bu simvolik mənzilə baxa bilirlər.

2. Tac Mahalın tikintisində minlərlə fil çalışıb.

Bu möhtəşəm tikili Hindistan hökmdarı Cahan Şah tərəfindən erkən yaşlarında dünyasını dəyişən həyat yoldaşı Mümtaz Mahalın xatirəsinə tikilib. 22 il davam edən bu nəhəng layihədə 20 mindən çox işçi çalışıb. Tikinti zamanı materialların daşınması üçün mindən çox fildən istifadə edilib.

Bu gün Tac Mahal YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir və “Dünyanın Yeni Yeddi Möcüzəsi”ndən biri hesab olunur.

3. Piza qülləsinin əyri olacağı düşünülməmişdi.

İtaliyadakı Piza qülləsinin əyri olduğunu hər kəs bilir. Ancaq bu əyrilik əvvəldən planlaşdırılmamışdı. 1173-cü ildə tikinti başlayanda qüllə düz tikilmişdir. Lakin dayaz təməllər və yumşaq torpaq qüllənin beş il ərzində əyilməsinə səbəb oldu.

Tikili əyilməyə başlayandan sonra mühəndislər bunun öhdəsindən gələcəyini düşünüb yenidən işə başladılar, amma onu düzəltmək əvəzinə vəziyyəti daha da pisləşdirdilər.

Qüllə 2001-ci ildə böyük bir mühəndislik əməliyyatı ilə sabitləşdirildi. Bu gün qüllə hələ də əyilir, lakin dağılmaq təhlükəsi yoxdur. Deyə bilərik ki, nə qədər yaxşı bərkidilsə də İtaliya hökumətinin onu düz saxlamaq üçün xərclədiyi pul onu düzəltmək üçün xərcləyəcəyi puldan daha çoxdur. 

4. Kolizey özünü yeniləyə bilir.

Kolizey təkcə qladiator döyüşləri ilə deyil, həm də mühəndislik dühası ilə insanlığı valeh edir. 2017-ci ildə elm adamları bu tarixi quruluşu təhlil edərkən maraqlı bir faktı kəşf ediblər. Kolizeyin tikintisində istifadə olunan beton özünü yeniləyə bilir. Bəs necə?

Belə ki, o dövrün Roma mühəndisləri təzə əhəng, saf çınqıl və nəmləndirilmiş sönmüş əhəng qarışığını elə düzüblər ki, zamanla yaranan çatlar bir neçə həftə ərzində öz-özünə bağlana bilsin.

Bugünkü müasir beton texnologiyasını belə heyran qoyan bu sistem sayəsində Kolizey hələ də ayaq üstdədir. 

5. Bürc Xəlifənin pəncərələrini təmizləmək üç ay çəkir.

Bürc Xəlifənin pəncərələrini təmizləmək bir işçi üçün cəsarət sınağıdır. Dünyanın ən hündür binası olan bu nəhəng tikilinin 24 000-dən çox pəncərəsi var.

Təbii ki, bu pəncərələrin hamısını asanlıqla təmizləmək mümkün deyil. Xüsusi hazırlanmış mexanizmlərdən istifadə edən şüşə təmizləmə briqadası binanın pəncərələrinin təmizlik işindən cavabdehdirlər. Hava şəraiti, xüsusi ilə külək də işçilərin işini çətinləşdirir. 

Bina 2010-cu ildə istifadəyə verildiyi üçün təkcə pəncərə təmizləmə sisteminə indiyədək milyonlar xərclənib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram