“Süni intellektin mühasibatlığı tam əvəz etməsi mümkün deyil” – Əfsanə Cəlilova | Banco.az

“Süni intellektin mühasibatlığı tam əvəz etməsi mümkün deyil” – Əfsanə Cəlilova

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Şirkətlərdə mühasiblər sahibkarın maliyyə təhlükəsizliyini təmin edən birinci şəxslər hesab olunur. Amma bəzən mühasibin də çıxılmaz vəziyyətlərdə qaldığı məqamlar olur.

Bu barədə Banco.az-a açıqlama verən mühasibatlıq üzrə Baş mütəxəssis Əfsanə Cəlilova bildirib ki, əməliyyatın reallığı və sənədləşdirilməsinin qanunauyğunluğu təkcə mühasibdən yox, həm də əməliyyatın digər iştirakçılarından asılıdır:

“Mühasibin iş prinsipi hər bir müəssisənin strukturuna görə dəyişir.Əgər maliyyə səhvi varsa, mühasibin cəzalandırılması düşünülürsə, öncə baş mühasib və maliyyə rəhbərlərinin işi sorğulanmalıdır. Çünki böyük struktura malik şirkətlərdə hər hansı maliyyə səhvi mühasibin deyil, ondan əvvəl baş mühasibin və maliyyə rəhbərinin nəzarətindən keçir. Əvvəlcə onların sorğulanması doğru yanaşma sayılardı”.

Əfsanə Cəlilova düşünür ki,adətən  kiçik müəssisələrdə maliyye direktoru olmadığı halda  bu işləri  mühasib idarə  edə bilər:

“Bizdə çoxları düşünür ki, mühasib olmaq çox asandır. Əslində belə deyil. Sən mühasib olub ümumi mühasibatlığın hansısa qolunu yönləndirə bilərsən, amma baş mühasib olmaq üçün bütün o prosesin daxilində cərəyan edən hər bir vəziyyəti idarə etməlisən.

Hazırda texnologiyanın inkişafı mühasibatlıqdan da yan keçməyib. Kağız daşıyıcılardan istifadə tarixə qovuşub.

Ən sərfəli kredit üçün müraciət et

Vergi sistemi hər dəfə yenilənməkdədir. Əvvəllər mühasiblər köhnə hesabatlar üzərində işləyirdilər, amma indi bütün o proses texnologiyayla uyğunlaşdırılıb. Təkcə Asan İmza ilə  dünyanın istənilən nöqtəsindən bir çox mühasibatlıqla bağlı işləri tənzimləmək mümkündür. Elə şirkətlər var, mühasibatlıqda çalışan şəxslər yaşlıdır, onlar komputerdə işləməyi də bacarmırlar. Yaxşı olardı şirkətlər onların təcrübələrindən istifadə edib innovativ üsullara yiyələnməsinə cəhd göstərsinlər”.

Hazırda süni intellekt texnologiyasından bir çox sahələrdə geniş istifadə edilir.  Mühasibat uçotu da verilənlərin emalı, qeydi, hesabatı və təhlilinə əsaslanan bir fəaliyyət sahəsi olduğuna görə süni intellektin istifadəsi üçün ən uyğun sahələrdən biridir.

Əfsanə Cəlilova düşünür ki,süni intellekt müəyyən vəzifələri avtomatlaşdırmaq və səmərəliliyi artırmaq potensialına malik olsa da, mühasibat uçotu yalnız məlumatların işlənməsindən daha çoxunu əhatə edən mürəkkəb bir fəaliyyətdir:

“Bunun əsas səbəblərindən biridə Mühasibat uçotunun süni intellektin (AI) ilə tam əvəz oluna bilməyən vacib elementlərinin olmasıdır. Buna misal olaraq yalnız insanların malik ola biləcəyi tənqidi düşüncə, peşəkar mühakimə və etik qərar qəbul etməyi göstərə bilərik.

Düzdür, süni intellekt inkişaf etdikcə mühasibə ehtiyac qalmasa da, bu istiqamətdə  hansısa fikrə ehtiyac duyula bilər. Çünki suni intellekt texnologiyası da insan zehninin icadı əsasında yaranıb.Düşünürəm ki, süni intellekt məlumatların daxil edilməsi, kateqoriyalara ayrılması və təhlili kimi mühasibat uçotunda müəyyən tapşırıq və prosesləri avtomatlaşdıra bilsə də, mühasibat mütəxəssislərinə olan ehtiyacı mövcud olaraq qalacaqdır”.