Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya Federal Statistika İdarəsi (Destatis) 2025-ci ilin ikinci rübünə dair yekun ümumi daxili məhsul (ÜDM) göstəricilərini açıqlayıb.
Banco.az xəbər verir ki, Destatis iyul ayının sonunda dərc etdiyi ilkin məlumatlarda Almaniyada mövsüm və təqvim təsirlərindən təmizlənmiş ÜDM-in ikinci rübdə əvvəlki dövrlə müqayisədə 0,1 faiz azaldığını bildirmişdi. Lakin qurum 22 avqustda açıqladığı yekun göstəricilərdə iqtisadi kiçilməni 0,3 faiz olaraq yenidən qiymətləndirib.
Beləliklə, Almaniya iqtisadiyyatı bir ildən sonra ilk dəfə rüblük əsasda daralma yaşayıb. Bloomberg-in sorğusunda iştirak edən 23 iqtisadçının orta proqnozu isə Almaniya iqtisadiyyatının 0,1 faiz azalacağı istiqamətində idi.
İllik əsasda açıqlanan yekun məlumatlara görə, Almaniyada mövsüm və təqvim təsirlərindən təmizlənmiş ÜDM 0,2 faiz azalıb. Destatis tərəfindən yayımlanan ilkin məlumatlarda isə ÜDM-in illik əsasda dəyişmədiyi qeyd olunmuşdu.
Bloomberg sorğusunda iştirak edən 12 iqtisadçının orta proqnozu da ÜDM-in illik əsasda dəyişməyəcəyi istiqamətində idi.
Bizi sosial şəbəkələrdən izləyin!!