Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Mərkəzi Bankın məlumatına görə, dekabrın ilk gününə ölkə üzrə pul bazası əvvəlki ay ilə müqayisədə 67.6 milyon manat azalaraq 18 milyard 334 milyon manata düşüb.
Banco.az xəbər verir ki, azaltmaya səbəblər barədə danışan iqtisadçı Vüqar Bayramov bildirdi ki, pul bazasının kiçilməsində Mərkəzi Bankın inflyasiya tələbinin optimallaşdırılması ilə bağlı tədbirlərı xüsusi təsirə malikdir:
“Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları, kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları da daxildir. Belə ki, pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini məhdudlaşdırır. İstehlak tələbinin azalması isə təklifin dəyişmədiyi halda anti-inflyasiya effektinə malik olur.
Pul bazasının kiçilməsi fonunda xarici valyutalara tələbin də yüksəlməsi müşahidə olunmaqdadır. Qeyd edək ki, iki aylıq azalmalara rəğmən ümumi pul bazası bu ilin əvvəlinə nisbətən artıb”.
İqtisadçı hesab edir ki, pul bazasının kiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımdan arzuolunan deyil:
“Baza genişləndikcə xərcləmələr və real sektorda tələb də yüksəlir. Bu da istehsal üçün daha çox imkanlar yaradır. Bu kontekstdən, pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir. Buna görə də, pul bazasının optimallaşdırılması siyasəti real sektorunun canlanmasını xüsusi təşviq etməlidir. Bu baxımdan, kiçilmə deyil optimallaşdırma siyasətinə üstünlük verilməlidir”.
Xatırladaq ki, bu ilin sentyabrın 1-nə Azərbaycanda pul bazası 18 milyard 116,9 milyon manat təşkil edib.Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,8 % azdır. Bu ilin əvvəlinə nisbətən 3,8 %, son 1 ildə isə 11,8 % artım deməkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!