Rayonlar özlərini maliyyələşdirə bilirmi? – ARAŞDIRMA | Banco.az

Rayonlar özlərini maliyyələşdirə bilirmi? – ARAŞDIRMA

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

Azərbaycanda 2015-ci il devalvasiyadan sonra,  iqtisadiyyatın inkişafını stimullaşdırmaq üçün köklü islahatlara  başlanıldı .

Bu islahatların  bir hissəsi olaraq yerli icra hakimiyyətləri  olduqları şəhər və rayonun iqtisadi potensialı hesabına rayonlarını vəsaitlə təmin etməli, yəni öz hesablarına dolanmalı idilər.

Bu sahədə bu günə qədər əldə olunmuş nailiyyətlər ilə bağlı Banco.az-a açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirdi ki,  bir rayonun xərclərini ödəməsi məsələsinə real prizmadan baxmaq daha yaxşı olardı:

“Bir rayonun özünü tam maliyyələşdirməsi dövlət tərəfindən həmin rayon üçün heç bir manat da ödənişin edilməməsi kimi başa düşülməlidir. Əgər həmin rayonda  işləyən tibb işçisinə, müəllimə, təhlükəsizliyinə, çox saylı dövlət qurumlarının nümayəndələrinə, cümlədən də sosial müavinət və yardım alanlara, infrastruktura çəkilən bütün xərcləri dövlətin yox həmin rayonun daxili imkanları hesabına ödənilirsə, onda bu bu rayon büdcədən asılı deyil deyə bilərik.

Gəlin real rəqəmlərə baxaq. 2024-cü ilin büdcə layihəsində Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 13 865 000 000,0 manat göstərilib. Burada, Mingəçevir üzrə gəlirlər 34 600 000 manat göstərilir. Məgər  bir il müddətinə 34 600 000 manatla Mingəçevirdə yaşayan insanların bütün xərclərini ödəmək olarmı? 

Və yaxud başqa rayona baxaq, məsələn Balakən. 2024 -cü il üçün Balakən rayonu üzrə gəlirlər 9 460 000 milyon manat təşkil edir. Balakən rayonunu 9 milyon manata saxlamaq olmaz axı. Orada olan həkimin,müəllimin, polisin,  uşaq pulunun, sosial ödənişin, və s milyonlarla digər ödənişlər büdcə üzrə digər xərc bəndlərindən ödənilir. Hesab edirəm ki, “rayonların öz-özünü saxlaya bilməsi” anlayışına yenidən baxmaq daha doğru olardı”.

İqtisadçı Xalid Kərimli isə hesab edir ki, rayon büdcələrinin gəlirlərinin artırılması birbaşa olaraq regionlarda iqtisadi vəziyyətdən asılıdır:

“Rayon  büdcələrinin xərclərinin optimizasiyası ən yaxşı yolu vəsaitləri azaltmaq, qənaət etmək yoludur.İstənilən büdcəni balanslaşdırmaq olar. Amma hökumətin istədiyi odur ki, rayon büdcələri mümkün qədər yerli imkanlar hesabına gəlirlərini artırıb, xərclərini də azaltsınlar. Əvvəllər bu istiqamətdə heç bir iş görülməsə də, son  bir neçə ildə, rayon büdcələrinin gəlir və xərc mümkün qədər az dotasiya olunur. Mən güman edirəm ki, hələdə regionların iqtisadi inkişafı baş tutmadıqca onların mərkəzi büdcəyə ehtiyacı  olacaq”.

Ekspert qeyd etdi ki, rayonların şəxsi büdcəsi yoxdur, onlar vergi toplamırlar, amma ümumi vergi və gömrük rüsumlarından gələn gəlirlər nəticəsində hər bir şəhərin rayonun xərcləri hesablanır:

“Məsələn, 2024 -cü il  üçün Bakı şəhəri üzrə büdcəyə toplanan gəlirlər  12 596 770 000 manat proqnozlaşdırılır. Bakı şəhəri ərazisində fəaliyyət göstərən fiziki, hüquqi şəxslər, sahibkarla mənfəətdən vergi ödəyir və nəticədə də  ərazinin saxlanma xərcləri formalaşır.  Ayrı-ayrı rayonlar üzrə həmin rayonda fəaliyyət göstərən şəxslərin ödədiyi vergilər həmin rayonun xərclərini üstələyir. O vergilər də toplandıqdan sonra həmin rayonun cari xərcləri nəzərə alınır və toplanan vergilərin üst-üstə düşməsi və yaxud da vergilərin daha çox olması halında həmin rayon öz-özünü dolandıran rayon elan edilir. Bir sözlə, icra hakimiyyətində görüləcək işlərlə bağlı ayrılmalar və rayon ərazisindən toplanan vergilər cari xərclərlə üst-üstə düşürsə, bu, öz-özünü dolandıran, özünü maliyyələşdirən rayon kimi qeydiyyata alınır ”.

Ən sərfəli kredit üçün müraciət et

2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il dövlət büdcəsindən cəmi 7 rayona vəsait ayrılacaq. Bu il büdcədən dəstək olan Lerik rayonu gələn il öz gəlirləri hesabına dolanmalıdır.

Banco.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirdi ki,  bu o deməkdir ki,  növbəti il 59 rayon və şəhər gələn il yerli gəlir və xərcləri tənizmləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək.

“Dövlət büdcəsindən 2022-ci ildə 14 rayon vəsait ayrılmışdı. Göründüyü kimi, son illər hər il əvvəlki ilə nisbətən dövlət büdcəsindən pul alan rayonların sayı azalır.Layihəyə əsasən, gələn ilin dövlət büdcəsindən Cəbrayıl 1 milyon 214 min manat, Xocavənd 1 milyon 229 min manat, Xocalı 1 milyon 73 min manat, Kəlbəcər 1 milyon 945 min manat, Laçın 1 milyon 401 min manat, Yardımlı 1 milyon 863 min manat və Zəngilan 623 min manat gələn il dövlət büdcəsindən vəsait ala biləcəklər. Bu rayonlarımız büdcədən 9 milyon 348 min manat alacaqlar. Bu il bu rəqəm 12 milyon 306 min manat idi. Bütün rayonlar üzrə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi gələn il azaldılacaq. Gələn il büdcədən vəsait alacaq 7 rayonun altısı Qarabağ və Şərqi Zəngəzirda yerləşir. İşğaldan azad olunan ərazilərimizdən kənarda sadəcə Yardımlı rayonu dövlət büdcəsindən dəstək ala biləcək. Özünü maliyyələşdirəcək rayonların sayının artması dövlət büdcəsindən asılılığın aradan qaldırlması baxımdan vacibdir”.

Millət vəkili vurğuladı ki, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, həmin rayonlara daha çox sərmayə cəlbinin təşviq edilməsi çox vacibdir.

Qeyd edək ki, 2015- ci ilin statistikasına əsasən ölkədə 65 inzibati rayondan  Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşeron və İmişli rayonları özlərini maliyyələşdirə bilib. Bakı şəhərinin gəlirləri 6 milyard 494 milyon manat, Sumqayıtın gəlirləri 84 milyon 964 min manat, Şirvanın gəlirləri 17 milyon 406 min manat, Mingəçevirin gəlirləri 32 milyon 761 min  manat, Abşeron rayonunun gəlirləri 36 milyon 117 min manat, İmişli rayonu üçün isə 20 milyon 903 min manat göstərilib.20 şəhər və rayonda isə gəlirlər heç 25 faizi keçməyib.2019-cu ildə isə 34 rayon xərclərini gəlirləri hesabına təmin edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et