Müəllif: Gülnar Əhmədli, Banco.az
Hadisələri yalnız bir məkanda cərəyan edən filmlər büdcə baxımından kifayət qədər sərfəlidir. Çünki filmin çəkilməsi üçün ayrı-ayrı yerlərə ehtiyac olmur. Tək məkanda çəkilən filmlərin mövzusu isə yüksək keyfiyyətli olmalıdır ki, tamaşaçı filmi izləyərkən sıxılmasın.
Bu məqalədə dünyaca məşhur və bu sahədə uğur qazanan yalnız tək məkanda çəkilmiş 10 film haqqında qısa məlumat verəcəyik.
"Buried" (2010)
İraqda yük maşını sürücüsü olan Paul Konroy bir qrup şəxsin hücumunun qurbanı olur. Bir müddət sonra Paul tabutda alışqan və telefon ilə oyanır. Tükənən oksigen ehtiyatı və azalmaqda olan batareyası ilə Paul xilasetmə qrupunu gözləyərkən panika və ümidsizliklə mübarizə aparmalıdır.
"Devil" (2010)
Bir qrup insan göydələnin liftində qalır. Təbii ki, tək problem bu deyil, əsas problem içlərindən birinin şeytan olduğunu hələ bilməmələridir.
"My Dinner with Andre" (1981)
Rejissor Lui Mallenin çəkdiyi bu fəlsəfi filmdə aktyor və dramaturq Uolles Şon Nyu-Yorkun Upper West Side səmtindəki bir restoranda dostu, teatr rejissoru Andre Qreqory ilə həyatını bölüşür. Film, şübhəsiz ki, tək məkanda çəkilmiş ən yaxşı filmlərdən biridir.
"12 Angry Men" (1957)
Film 1957-ci ildə ekranlara çıxıb. Bu dövrdə rəngli film mövcud olsa da, izləyicilərə dramı daha yaxşı çatdırmaq üçün film ağ-qara çəkilib. Tək bir məkanda cərəyan edən film tənqidçilərin fikrincə, dünyanın ən gözəl filmlərindən biridir. 12 münsif heyətinin müttəhimlə bağlı qərar vermək üçün getdikləri yerdəki müzakirələrini əks etdirən filmdə hüquq sistemi, ölüm cəzası və irqçilik kimi mövzular tənqid edilir, həmçinin onların psixologiyası, xarakterləri və məntiqi baxışları müzakirə edilir. Film eyni zamanda, keyfiyyətli iş görmək üçün milyonlarla dollar ödəmək lazım olmadığına sübutdur.
"Panic Room" (2002)
Ərindən yenicə ayrılan Meq Altman çox köhnə bir ev alır. Evi gəzərkən xüsusi təhlükəsizlik tədbirləri ilə təchiz olunmuş otaq görür. Otaqdakı monitorlar ona evin hər yerini görməyə imkan verir. Meq Altman və onun birlikdə yaşayacağı qız hər hansı problemlə qarşılaşdıqda təhlükəsizliklərini təmin etmək üçün bu otaqdan istifadə edirlər.
"Rear Window" (1954)
Film qonşusu ilə bağlı qorxulu hadisənin şahidi olan bir adamın hekayəsindən bəhs edir. Qəza nəticəsində fotoqraf L.B.Ceffrisin ayağı sınır. Buna görə, o, Nyu-Yorkdakı mənzilinin arxa pəncərəsindən teleskop vasitəsilə ətraf mühiti seyr etməklə vaxt keçirir. Bu zaman Ceff qonşusunun arvadını öldürdüyündən şübhələnməyə başlayır və model sevgilisi Liza və rəfiqəsi Stelladan araşdırma aparmağa kömək etmələrini xahiş edir.
"The Invitation" (2015)
Sevgili cütlük olan Uill və Edenin münasibəti faciəli bir hadisə nəticəsində övladını itirəndə sona çatır və sonra Eden yoxa çıxır. İki il sonra Eden başqa bir qadınla qayıdır. Şam yeməyi təşkil olunur. Köhnə dostların toplaşdığı bu dəvətdə Eden və sevgilisindən başqa Uill və sevgilisi də olur. Yemək olduqca yaxşı başlasa da, bir müddət sonra Uill Eden və Davidin qəribə hərəkət etdiyini düşünməyə başlayır. Gecə irəlilədikcə qəribəlik davam edir və bu, Uillin ciddi reaksiyasına səbəb olur.
"Green Room" (2015)
The "Ain't Rights" adlı rok qrupu Oreqon ştatının meşəlik bölgəsindəki bir barda çıxış etmək qərarına gəlir. Burada hər şey qaydasında olur və konsert problemsiz başa çatır. Lakin konsertdən sonra səhnə arxasında qadın meyiti ilə rastlaşırlar. Bar sahibi hadisənin yeganə şahidi olan qrupun aradan qaldırılmasını istəyir. Maraqlı hadisələrin davam etdiyi filmdə musiqiçilər həyatları üçün mübarizə aparmalı olurlar.
"Dogville" (2003)
Film tamamilə fantaziya məhsuludur. O, rejissor fantaziyasının pik nöqtələrindən biridir. "Dogville" "Amerika fürsətlər ölkəsi" trilogiyasının ilk filmidir. Çox ağır həzm olunan film, həm də, çətin psixoloji gedişlərlə boldur. Filmdəki dekorasiyalar çox fərqlidir və məhz bu dekorasiyalar tamaşaçıları çaşdırır. Filmin uğur qazanmasında Nikol Kidmanın da əziyyəti var.
Bizi sosial şəbəkələrdən izləyin!!