Zədələnmiş pulları harada dəyişdirmək olar? - ARAŞDIRMA | Banco.az

Zədələnmiş pulları harada dəyişdirmək olar? - ARAŞDIRMA

Müəllif: Gülnar Əhmədli, Banco.az

Banco.az oxuculardan gələn sualları cavablandırmağa davam edir.

Bu dəfəki sual zədələnmiş əskinaslarla bağlıdır.

Sual belədir: Zədələnmiş pulumu harada və necə dəyişdirə bilərəm? Bunun üçün əlavə ödəniş etməliyəmmi?

Bu, həmişə vətəndaşları maraqlandıran suallardan biri olub. Çünki kağız pullar tez sıradan çıxır və həmin pulun ödəniş zamanı qəbul edilməmək kimi problemi yaranır. Həmçinin ödəniş terminalları da həmin pulları qəbul etmir.

Mərkəzi Bankın qaydalarına əsasən, milli pul nişanları dəyişdirilməsi üçün kommersiya banklarına və ya Azərbaycan Mərkəzi Bankına təqdim edilə bilər.

Saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsinin və ya eyni pul nişanına məxsus hissələrdən ibarət səthinin 100%-ni saxlayan kağız pul nişanlarının, eyni zamanda saxta olmayan səthini 100% saxlamış, ön, arxa və kənar haşiyəsinin təsvir və yazıları silinmə və ya deformasiyaya məruz qalmış metal pul nişanlarının nominal dəyəri ödənilir.

Milli pul nişanlarının dəyişdirilməsi Mərkəzi Bankda ödənişsiz əsasda aparılır və nominal dəyəri ödənilən pul nişanları məhdudiyyətsiz dəyişdirilir. Bunun üçün banka əlavə ödəniş edilmir.

Kommersiya banklarında isə qaydalar fərqlidir. Belə ki, kommersiya bankı pul nişanının dəyişdirilməsi zamanı öz tarif siyasətinə uyğun olaraq bu əməliyyatları ödənişli və ya ödənişsiz olaraq həyata keçirə bilərlər.

Bununla bağlı hüquqşünas Əkrəm Həsənovun da fikrini aldıq. Hüquqşünasın sözlərinə görə, vətəndaşlar zədələnmiş pulları kommersiya banklarında dəyişə bilərlər: "Lakin kommersiya bankları həmişə vəsaitləri dəyişməyə də bilər. Çünki kommersiya bankının zədələnmiş vəsaiti dəyişmək kimi bir vəzifəsi yoxdur. Mərkəzi Bankın isə belə bir vəzifəsi var və bu zaman vətəndaş Mərkəzi Banka müraciət etməlidir. Vətəndaş banka yaxınlaşaraq heç bir əlavə ödəniş etmədən pulunu dəyişə bilər".

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, əhalidə olan yararsız pul nişanlarının qəbul edilməsi, ekspertizası və dəyişdirilməsi, eləcə də nağd pulla bağlı sorğuların və müraciətlərin cavablandırılması məqsədilə Mərkəzi Bankda və onun ərazi idarələrində (Naxçıvan MR İdarəsi, Gəncə, Biləsuvar və Quba Regional Mərkəzləri, Yevlax Ehtiyat Mərkəzi) əhaliyə xidmət ofisləri təşkil edilib.

Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında əhaliyə xidmət üzrə "Nağd pul ofisi" həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 13:00-dək fəaliyyət göstərir.

Əlavə suallarınız yaranarsa Mərkəzi Bankın qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz: (+994 12) 966

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et