Yeni trend: Süni intellektdən istifadə edilməyən layihələr | Banco.az

Yeni trend: Süni intellektdən istifadə edilməyən layihələr

Müəllif: Tamara Mustafayeva, Banco.az

Trendlərin sürətlə dəyişdiyi bu dövrdə süni intellekt uzun müddətdir diqqət mərkəzində idi.

Banco.az xəbər verir ki, ilk vaxtlar süni intellektin mövcudluğu belə müzakirə mövzusu olduğu halda, bu maraq qısa müddətdə böyük bir trendə çevrildi. Süni intellektlə yazılan ssenarilər, səsləndirilən reklam çarxları dedikcə, tamamilə süni intellekt tərəfindən yaradılan işlər həyatımıza daxil oldu. Bir çox marka da süni intellektin bu populyarlığından faydalanaraq öz süni intellekt dəstəkli reklamlarını hazırladı.

Yeni trend: Süni intellektdən istifadə olunmayan layihələr

Süni intellekt həyatımıza sürətlə daxil olsa da, bu intensiv marağın təsiri uzun çəkmədi. Xüsusilə tamaşaçılar zaman keçdikcə süni intellektlə yaradılan layihələrə qarşı mənfi münasibət göstərməyə başladılar. Əvvəllər təsirli görünən bu işlər getdikcə səthi və ruhsuz hesab edilməyə başladı. Məhz bu nöqtədə yeni bir trend yarandı: süni intellektdən istifadə olunmayan layihələr.

Markaların hər il hazırladığı yeni il kampaniyalarında bu il "Coca-Cola" tamamilə süni intellektlə hazırlanmış reklam çarxı ilə diqqət çəkib. Kampaniyanı markanın qlobal marketinq direktoru Manolo Arroyo “gələcəyin reklamçılığı” kimi dəyərləndirir. Lakin sosial mediada istifadəçilər reklamın üslub baxımından uyğunsuz olduğunu və personajların süni göründüyünü qeyd edirlər.

"Porsche" isə "Coca-Cola"nın əksinə olaraq süni intellekt layihələrini dayandıraraq detallarla zəngin, tamamilə insan əməyi ilə hazırlanmış yeni il reklamı təqdim edib. Sürət anlayışı ilə tanınan marka bu reklamda yavaşlamanın əhəmiyyətinə diqqət çəkir. Detallarla zəngin olan film izləyiciləri yenidən izləməyə və hər dəfə yeni məqamlar kəşf etməyə təşviq edir. Reklam qısa zamanda tamaşaçıların rəğbətini qazanıb və markanın süni intellektdən istifadə etməməsi böyük alqış toplayıb.

Fransanın iri supermarket şəbəkəsi "Intermarché" də oxşar yanaşma nümayiş etdirərək süni intellektdən istifadə edilmədən hazırlanan və baş qəhrəmanı vegeterian bir canavar olan "Unloved" adlı animasiya filmi ilə maraq oyadıb. İki yarım dəqiqəlik bu qısametrajlı animasiya təkcə Fransa ilə məhdudlaşmayaraq Avropa və ABŞ-da da böyük əks-səda doğurub.

Bütün bu nümunələr reklam və yaradıcı istehsal dünyasında yeni bir sualı gündəmə gətirir: süni intellekt sürət və səmərəlilik baxımından güclü alət olaraq qalır, lakin tamaşaçı ilə emosional bağ qurmaq üçün hələ də insan toxunuşuna ehtiyac var. Görünən odur ki, markalar üçün əsas məsələ texnologiyadan istifadə edib-etməmək deyil, onu harada və nə zaman dayandırmağı bilməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram