Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiya yanacaq bazarını müvəqqəti idxal hesabına tarazlaşdırmağı planlaşdırır.
Banco.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak ölkədə yanacaq bazarını müvəqqəti idxal hesabına tarazlaşdırmağı planlaşdırdıqlarını bildirib.
Novak Moskva şəhərində jurnalistlərə açıqlamasında ölkədə problemlərin yaşandığı yanacaq bazarındakı vəziyyəti dəyərləndirib.
Yanacaq idxalının bazardakı çatışmazlığın həcminə uyğun müəyyənləşdiriləcəyini bildirən Novak deyib: “Düşünürəm ki, yanacaq bazarını idxal hesabına tarazlaşdırmaq lazımdır. İdxal müvəqqəti xarakter daşıyacaq və onun həcmi çatışmazlığın səviyyəsindən asılı olaraq dəyişəcək.”
Neft emalı zavodlarının modernləşdirilməsi qrafikinə də toxunan Novak bildirib ki, əvvəllər imzalanmış razılaşmalarda nəzərdə tutulan modernləşdirmə tarixlərinin təxirə salınması ilə bağlı təklif hazırlanır. Onun sözlərinə görə, Rusiya Energetika Nazirliyi hazırda bu təklif üzərində işləyir.
Novak bəzi neft emalı zavodlarının yenidən fəaliyyətə başladığını və logistika imkanlarından asılı olaraq daxili bazara yanacaq tədarükünün artmasının gözlənildiyini qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
