“Yaxın günlərdə Azərbaycanda düyünün qiyməti artacaq” - Ekspert | Banco.az

“Yaxın günlərdə Azərbaycanda düyünün qiyməti artacaq” - Ekspert

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycanda yanvar-sentyabr aylarında 41 milyon 71,16 min dollar dəyərində 45 min 645,57  ton düyü idxal edilib.

Banco.az  Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, idxal göstərciləri məbləğ ifadəsi ilə 4 milyon 682,2 min dollar (12,9%), miqdar ifadəsi ilə 2 603,78 ton (6%) artıb. 2022-ci ilin yanvar-sentyabr aylarında xaricdən 36 milyon 388,96 min ABŞ dolları dəyərində 43 min 042,79 ton düyü idxal edilmişdi.

Beləliklə bir ton düyünün idxal qiyməti bu il 900 dollar, ötən ilin müvafiq dövründə 845 dollar təşkil edib. Bu göstərici son bir ildə 55 dollar, başqa sözlə 6,4% artıb.

Cari ilin ilk 9 ayında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,33%-nə bərabər olub. 2022-ci ilin eyni dövründə isə bu göstərici 0,35% idi. Qeyd edək ki, 2021-ci ilin yanvar-sentyabr aylarında isə ölkəyə 35,9 min ton düyü idxal olunub.

İdxal edilən düyünün dəyəri 26,3 milyon dollar olub. Xatırladaq ki, 2020-ci ilin eyni dövründə dəyəri 31,7 milyon dollar olmaqla 45,8 min ton düyü idxal edilib.

2023-cü ilin oktyabr ayında dünyada düyü qiymətləri indeksininin sentyabr ayı ilə müqayisədə  iki faiz aşağı olduğunu qeyd edən iqtisadçı-ekspert Xalid Kərimli Banco.az- a bildirdi ki, ümumi səviyyə 24 faiz daha yüksəkdir. Ekspert deyir ki,  2023-cü ilin avqust-sentyabr aylarında düyü qiymətlərində baş verən artıma əsas səbəb düyüyə olan tələbatın bir qədər aşağı düşməsi oldu.

Xalid Kərimli onu da xatırlatdı ki, hasilatın azalmasına Hindistanda bu il baş verən anomal hava şəraiti səbəb olub:

“Hindistan düyü ixracının 40 faizinə sahibdir. Düyü hasilatının azalması Hindistanda düyü qiymətlərinin daxili bazarda bahalaşmasına səbəb oldu. Buna daha bir səbəb Hindistan hökümətinin seçki qabağı öz bazarını qorumaq üçün dünyaya düyü idxalını aşağı salması da təsir etdi. Qeyri- basmati düyülərinin idxalına müvəqqəti məhdudiyyət tətbiq etdi. Bir müddət öncə isə Hindistan hökuməti düyünün təmizlənmiş sortlarının ixracına qadağa qoyub.Qeyd olunub ki, qadağan olunmuş düyü sortları ixracın 25%-ni təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

2022-2023-cü il mövsümündə Hindistan dünya bazarına 21,5 milyon ton həcmində düyü ixrac edib. Dünyanın 140 ölkəsinə reallaşdırılan bu ixracdan 10 milyard dollara yaxın gəlir əldə olunub. İxracı qadağan olunan düyü növləri ümumi ixracın 25 faizini təşkil edir.

Ötən ilin sentyabrında Hindistan hökuməti eyni növ düyünün ixracına 20 faiz əlavə rüsüm tətbiq etmişdi. Məqsəd ixracın azalmasına, ölkədə qiymətlərin sürətli artımının qarşısının alınmasına nail olmaq idi. Lakin əlavə rüsuma rəğmən bu ilin aprel-iyun ayında Hindistandan təmizlənmiş düyü ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çox olub. Bunların hamısı dünyada  iyun-sentyabr aylarında qiymətlərin bahalaşmasına gətirib çıxardı”.

Oktyabr ayında da tələbatın bir qədər aşağı düşməsi fonunda  qiymət artımı baş verdiyini qeyd edən ekspert hesab edir ki, bu qiymət Azərbaycana da təsir edəcək:

“Sadaladıqlarım əmtəə bazarlarına aid olsa da, Azərbaycana təsiri tədricən baş verəcək. Bir neçə ay ərzində biz düyü qiymətlərində  artımı hiss edəcəyik. Çünki yolda olan mallar,  yeni sifariş, yeni müqavilə qiymətləri, anbar, mağaza qalıqları  yeniləndikcə, bahalaşmış məhsullar ölkəmizə gəldikcə biz mağazalarda da düyü qiymətlərinin artdığını müşahidə edəcəyik”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et