"Yapı Kredi Bank Azərbaycan" özünüməşğulluq proqramı çərçivəsində 2-si şəhid ailəsi və müharibə iştirakçısının ailəsi olmaqla 4 aztəminatlı ailəni öz biznesini qurmaq üçün lazımi avadanlıqlarla təmin etmişdir.
Bakı şəhəri və Abşeron rayon sakinləri olan Yusubova Aynur, Məmmədova Ləman, Şahverdiyeva Nəzakət ilə fərdi dərzi atelyesinin yaradılması, Mehdiyev Ağa ilə avtotəmizləmə xidmətinin göstərilməsi üçün bank tərəfindən danışıqlar aparılmış və təqdim olunan plan əsasında həmin şəxslər bütün lazımi avadanlıqlarla təchiz edilərək, öz bizneslərini qurmağa imkan yaradılmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankının təşəbbüsü və Azərbaycan Banklar Assosasiyasının koordinasiyası ilə icra edilən bu korporativ sosial məsuliyyət proqramı çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Bu proqramın əsas məqsədi həmin ailələri kiçik biznes qurmaq, və ya mövcud biznesi genişləndirmək üçün tələb olunan texniki təchizatla təmin etməkdən ibarətdir. "Yapı Kredi Bank Azərbaycan" QSC əsas dəyərlərindən biri olan korporativ sosial məsuliyyət prinsipini əsas götürərək, layihədə yaxından iştirak etməyə qərar vermişdir.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan "Yapı Kredi Bank Azərbaycan" QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!