Vətəndaşlar kredit kartlarının girovuna çevrilməkdədirlər | Banco.az

Vətəndaşlar kredit kartlarının girovuna çevrilməkdədirlər

“Azərbaycanda problemli kreditlərlə bağlı problem var və bu gündə aktualdır. Digər tərəfdən sözügedən problemli kreditlərin sayları getdikcə daha da artır. İlkin araşdırmalarımız onu göstərir ki, insanlar problemli kreditlərdən danışarkən, taksit kartlarla bağlı ciddi narahatçılıqla üzləşdiklərini söyləyirlər. Bu ondan irəli gəlir ki, insanların maariflənməsi və məlumatı olduqca aşağıdır.” 

Bu sözləri iqtisadçı-ekspert Samir Əliyev son dövrlər insanların daha çox meylləndiyi müxtəlif formalı kredit kartlarının yarada biləcəyi problemlərlə bağlı açıqlama verərkən söyləyib. Samir bəyin sözlərinə görə əksər vaxtlar banklar vətəndaşların məlumatsızlığından sui-istifadə edirlər: “Belə ki, hər hansı vətəndaş kredit götürərkən ona natamam məlumat verməklə kifayətlənirlər. Onlar bununla insanları aldatmadıqları görüntüsü yaratmağa çalışırlar. Lakin beynəlxalq təcrübədə müştəriyə natamam məlumatın verilməsi, onun aldadılması anlamında başa düşülür. Sözügedən kredit kartları ilə bağlı bankın saytına girib baxdıqda yalnız birtərəfli məlumatların yerləşdirildiyinin şahidi oluruq. Halbuki əslində bankın vətəndaş qarşısında götürdüyü öhdəlik də orada göstərilməlidir. Reklamda göstərilir ki, kredit kartı əldə etməklə istədiyin paltarı al və istədiyin vaxtı borcunu ödə. Lakin insanların pulun hansı tarixdə qaytarılması, qaytarmayacağı halda borcunun üzərində faiz gələcəyinə dair heç bir məlumat verilmir. Nəticədə vətəndaşlar sözügedən kartların girovuna çevrilməklə çox böyük əziyyət çəkirlər.”  

Ən sərfəli kredit üçün müraciət et

Kredit sahəsində göstərilən problemlərin həlli üçün istehlak kreditləri haqqında qanunun qəbul edilməsinin zəruri olduğunu bildirən Samir bəy, “çünki taksit kartları da istehlak kreditlərinə daxildir. Qanunun olmamasının nəticəsidir ki, istehlakçıların hüquqları bu cür kobud şəkildə pozulur. Bankların hazırladığı müqavilələr birtərəfli qaydada tərtib olunur və vətəndaşların hüquqlarına fikir verilmir”, - deyə söylədi: 

“Pula ehtiyacı olan vətəndaş isə seçim qarşısında qalır və nəticədə bankın tələbləri ilə razılaşmalı olur.

faktxeber.com

Ən sərfəli krediti almaq üçün müraciət et