"Vergi və bank sirri məlumatlarını əldə edəcəyik" - MÜSAHİBƏ | Banco.az

"Vergi və bank sirri məlumatlarını əldə edəcəyik" - MÜSAHİBƏ

Müsahibimiz Hesablama Palatasının sədri Vüqar GÜLMƏMMƏDOVdur

 

- İlk sualı yeni qəbul edilmiş Hesablama Palatası haqqında qanunla bağlı vermək istərdim. Bildiyimizə görə, Hesablama Palatasının fəaliyyətini tənzimləyən qanunvericilik aktları mövcud idi. Yeni qanunun qəbul edilməsi zərurəti nədən irəli gəlirdi?

- Bunu düzgün vurğuladınız. Bildiyimiz kimi, Hesablama Palatasının funksional fəaliyyətini tənzimləyən əsas iki qanun mövcud idi: "Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi. Bu qanunlar eyni qüvvəli olub Palatanın fəaliyyətini müəyyən sahələrdə fərqli normalarla tənzimləsələr də, əksəriyyət hissədə bir-birlərini təkrarlayır və oxşar idi. Qanunların qəbul edilməsi tarixlərinə nəzər salsaq, 1999-cu və 2002-ci illəri əhatə etdiyini görərik və həmin tarixdən indiki dövrə qədər qanunlara cəmi beş dəyişiklik edilmişdir ki, bunların da ikisi qəbul edilmiş digər qanunlardan irəli gələrək qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyırdı.

Əlavə etməliyəm ki, Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti orqanı (ali audit orqanı) olduğundan Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın üzvüdür və bu təşkilatın qəbul etdiyi beynəlxalq standartları da öz fəaliyyətinin təşkil edilməsi prosesində nəzərə alır. Ötən zaman ərzində yeni sahələrlə bağlı audit növləri və formaları yaranmış və yeni standartlar qəbul edilmişdir. Bu amillər, həmçinin dövlət vəsaitlərinin qorunması, ondan səmərəli istifadə edilməsi və iqtisadi inkişafa daha çox töhfələrin verilməsinə şəraitin yaradılması Hesablama Palatasının fəaliyyətini tənzimləyən yeni qanunun qəbul edilməsi zərurətini yaratmışdır.

 

- Dediklərinizdən belə aydın olur ki, yeni qanunun qəbulu sırf normativ tənzimləmə ilə bağlı olmayıb. Hesablama Palatasının səlahiyyətlərində də müəyyən dəyişikliklər edilib. Bu dəyişikliklər nədən ibarətdir?

- Qəbul edilmiş qanunun ən vacib xüsusiyyəti Hesablama Palatasının maliyyə nəzarəti sistemində yerinin müəyyən edilməsindən və fəaliyyətinin sərhədlərinin konkretləşdirilməsindən ibarətdir. Başqa sözlə, Hesablama Palatası dövlət vəsaitinin qanunauyğun və səmərəli istifadəsinə nəzarəti təmin etməlidir. Yeni qanunla həm Hesablama Palatasının statusu müəyyən edilmiş, həm səlahiyyətləri artırılmış, həm də Palatanın işinin təşkili ilə bağlı təkmilləşmələr aparılmışdır. Hər məsələyə ayrı-ayrılıqda toxunaq. İlk olaraq Hesablama Palatasının statusu məsələsinə toxunaq. Yeni qanunda Hesablama Palatası ali audit orqanı kimi müəyyən edilmiş və müvafiq anlayışlar verilmişdir ki, bununla da orqanın statusunu, həyata keçirdiyi auditin növünü, bu auditə cəlb edilməsi mümkün olan qurumların sərhədlərini və s. müəyyənləşdirmək olar. Beynəlxalq standartlarda mövcud olan kənar dövlət maliyyə nəzarəti anlayışı yeni qanunda göstərilməklə həm milli qanunvericiliyə gətirilmiş, həm də Palatanın funksional fəaliyyətinin nədən ibarət olduğunu daha dəqiq müəyyən etməyə imkan vermişdir. Anlayışın daha aydın başa düşülməsi üçün qeyd etməliyik ki, kənar dövlət maliyyə nəzarəti dedikdə dövlət hakimiyyətinin üç müstəqil qolu olan qanunvericilik, icra və məhkəmə hakimiyyəti qollarından heç birinə tabe olmadan, onlardan kənar şəkildə həyata keçirilən dövlət auditi başa düşülür.

 

 

- Bəs Hesablama Palatasının səlahiyyətləri ilə bağlı yeni qanunu əvvəlki qanunvericilikdən fərqləndirən amillər nədən ibarətdir?

- Hesablama Palatasının səlahiyyətləri baxımından yeni qanunu öncəki qanunlardan fərqləndirən cəhət Palatanın səlahiyyətlərinin daha sistemli şəkildə müəyyən edilməsidir. Palatanın səlahiyyətləri əsas üç başlıq üzrə - fəaliyyət istiqamətləri, hüquqları və vəzifələri olmaqla qruplaşdırılmışdır. Bu qruplaşdırmaya əsasən Palatanın funksional fəaliyyəti ilə bağlı istiqamətlər müəyyən edilmiş və bu fəaliyyətdən irəli gələrək Palatanın hüquqları və vəzifələri qanunda öz əksini tapmışdır. Dəqiqləşdirilmiş səlahiyyətlərə misal olaraq qeyd edə bilərəm ki, kənar dövlət maliyyə nəzarətinin obyektlərində kənar dövlət maliyyə nəzarəti tədbirlərinin həyata keçirildiyi sahələrə dövlət əmlakının idarə edilməsi, dövlət satınalmaları, dövlət investisiyaları, qrantların və maliyyə (texniki) yardımlarının təyinatı üzrə və səmərəli istifadəsi, ətraf mühitin mühafizəsi, təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına ayrılmış vəsaitlərin istifadəsi, kənar dövlət maliyyə nəzarətinin obyektlərində daxili nəzarətin və daxili auditin təşkilinin vəziyyətinin qiymətləndirilməsi və s. sahələr əlavə edilmiş və Palatanın səlahiyyət çərçivəsi daha da konkretləşdirilmişdir. Eyni zamanda Hesablama Palatasının hüquqlarına yeni səlahiyyətlər də əlavə edilmişdir. Yeni qanundan sonra Palata kənar dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə dövlət xəzinədarlığı məlumatlarına birbaşa çıxış imkanı əldə edəcək, kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində kənar dövlət maliyyə nəzarəti obyektlərinin elektron informasiya sistemlərinə daxil olacaq, dövlət sirri hesab edilən məlumatları, habelə qanunla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədilə kənar dövlət maliyyə nəzarətinin predmetinə aid olan kommersiya, vergi və bank sirrini təşkil edən məlumatları və fərdi məlumatları əldə edəcəkdir. Bu sadaladıqlarımın bir çoxu Hesablama Palatasının funksional fəaliyyətinin həyata keçirilməsi zamanı yaranmış çətinliklərin qiymətləndirilməsi nəticəsində həmin çətinliklərin aradan qaldırılması məqsədilə qanuna əlavə edilmiş səlahiyyətlərdir.

 

- Yeni qanunun qəbulu ilə bağlı digər qanunvericilik aktlarında hər hansı dəyişikliklərin edilməsi nəzərdə tutulubmu?

- Bəzi qanunvericilik aktlarına zərurətdən irəli gələn dəyişikliklərin edilməsi gözlənilir. Misal olaraq deyə bilərəm ki, Palataya verilən səlahiyyətlərdən biri də kənar dövlət maliyyə nəzarəti zamanı müəyyən sahələrdə aşkar etdiyi inzibati xətalarla bağlı inzibati tənbeh tətbiq etmək səlahiyyətidir və biz bu səlahiyyətdən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müəyyən dəyişikliklər edildikdən sonra istifadə edə biləcəyik və hal-hazırda da bununla bağlı iş aparılır.

 

- Qanunda kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı yeniliklər nədən ibarətdir?

- Burada əsas məsələ kənar dövlət maliyyə nəzarəti tədbirinin bir növü olan auditin özünün də əsas növlərinin qanunla müəyyən edilməsidir. Audit növü kimi maliyyə auditi, səmərəlilik auditi, uyğunluq auditi və digər audit növləri təsbit olunmuş və müvafiq olaraq audit növlərinə anlayış verilmişdir. Onu da qeyd edim ki, kənar dövlət maliyyə nəzarəti tədbirlərindən biri olan analitik fəaliyyətin yeni istiqamətləri müəyyən edilmişdir: kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində müəyyən məsələ və mövzu üzrə təhlil; kənar dövlət maliyyə nəzarəti obyektlərinin fəaliyyətləri üzrə maliyyə hesabatlarının təhlili. Bu istiqamətlər üzrə təhlillərin aparılması audit keçirmədən müəyyən olunmuş sahələr üzrə dövlət vəsaitlərinin qanunauyğun və məqsədyönlü istifadəsinin həyata keçirilməsinə nəzarəti təmin edəcəkdir. Qanunda yeni müddəalardan digəri isə kənar dövlət maliyyə nəzarəti tədbiri kimi monitorinq fəaliyyətinin nəzərdə tutulmasıdır. Monitorinq zamanı Palata kənar dövlət maliyyə nəzarəti obyektlərinin maliyyə-təsərrüfat fəaliyyəti üzrə ayrı-ayrı əməliyyatlarının və kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə Hesablama Palatasının kollegiya qərarlarının yerinə yetirilməsi vəziyyətinin müəyyən edilməsini, mütəmadi və davamlı müşahidə aparılmaqla dövlət qurumlarının elektron informasiya sistemləri üzrə məlumatların toplanmasını həyata keçirəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

 

- Siz ilk sualıma cavab verərkən əsas üç istiqamət göstərdiniz ki, onlardan biri Palatanın tərkibi və fəaliyyətinin təşkili ilə bağlı qanunda yeni tənzimləmələrin olmasıdır. Bu hissədə nə kimi yeniliklər var?

- Əvvəlki qanunlardan daha fərqli olaraq, Hesablama Palatasının üzvləri ilə bağlı qadağalar da müəyyən edilmişdir. Göstərilən qadağaların əsas məqsədi yarana biləcək korrupsiya hallarının qarşısını öncədən almaq, Palatanın fəaliyyətində şəffaflığın və obyektivliyin artırılması, Palatanın iş ahəngini pozacaq hərəkətlərə yol verilməsi ehtimalını qabaqcadan önləməkdir. Yeni qanunda maraqların toqquşması hallarının yarana biləcəyi ehtimalı müəyyən edilmişdir. Belə halın baş verməsi ehtimalı olduqda Hesablama Palatasının üzvləri kənar dövlət maliyyə nəzarəti tədbirinə cəlb edilə bilməzlər.

Yeni qanunda intizam pozuntusuna səbəb ola biləcək halların siyahısı artırılmaqla yanaşı intizam tənbeh tədbirinin növləri də artırılmışdır və intizam tənbeh tədbirinin növündən asılı olaraq həmin tənbehin hansı subyekt tərəfindən tətbiq ediləcəyi də müəyyənləşdirilmişdir. İntizam tənbeh tədbirinin xəbərdarlıq, töhmət və üzvlüyə xitam vermə kimi növləri var. Sadaladıqlarım içərisindən sonuncu intizam tənbeh tədbiri növü əvvəlki qanunlarda müəyyən edilməmişdir. Yeni qanunla intizam tənbeh tədbirinin tətbiq edilməsi əsasları artırıldığı kimi, intizam tənbeh tədbirinin növləri də köhnə qanunlara nisbətdə artırılmış və tətbiq edən əlavə subyekt kimi Milli Məclis də müəyyən edilmişdir. Bu yeniliklərin əsas səbəbi mütənasibliyi qorumaqdan ibarətdir. Çünki istənilən halda müəyyən orqanın səlahiyyətləri genişləndirildikdə şəffaflığı və obyektivliyi təmin edə bilmək üçün baş verə biləcək pozuntulara qarşı məsuliyyətin də artırılması zəruridir.

 

- Müsahibələrin birində qeyd etmisiniz ki, nəzarət məlumatlılıq tələb edir...

- Bəli, mövcud vəziyyətin qiymətləndirilməsi və şəraitə uyğun şəkildə gələcək məqsədlərə xidmət edən qərarların qəbulu məlumatlılığın artırılmasını, əhatənin genişləndirilməsini zərurətə çevirir. Həmçinin burada söhbət istənilən məlumatdan deyil, müvafiq, zəruri, adekvat, inamlı məlumatdan gedir. Belə məlumatların əldə edilməsində əsas məhsuldar yol nəzarətin gücləndirilməsi və məlumatlara çıxışın təmin edilməsidir. Bu baxımdan yeni qanunda Hesablama Palatasının hüquqları arasında ilk olaraq müəyyən edilən məsələ məhz məlumatların əldə edilməsi ilə bağlıdır. Qanunla kənar dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə dövlət xəzinədarlığı məlumatlarına birbaşa çıxış imkanı təsbit edilmişdir. Bununla yanaşı, maliyyə inzibatçılığı sisteminə aid olan və dövlət vəsaitlərinə rasional nəzarəti həyata keçirmək üçün digər zəruri məlumatların əldə edilməsi ilə bağlı müddəalar da qanunda qeyd olunmuşdur. Bizə olan inamının bir nümunəsi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hələ yeni qanun qüvvəyə minmədən əvvəl - cari ilin 15 may tarixində imzalanmış fərmanla da Hesablama Palatasının məlumatlara çıxışı təmin edilmişdir. Yeni qanunun qəbulu isə cənab Prezident tərəfindən qarşımızda qoyulmuş məqsədlərin icrasına daha məsuliyyətli yanaşmağımızı tələb edir.

 

- Öncəki qanunlarda Hesablama Palatasının Təlim Mərkəzi ilə bağlı heç bir müddəa yox idi. Bu yeniliyin zərurəti nə ilə bağlıdır?

- Palatanın əsas səlahiyyəti kənar dövlət maliyyə nəzarəti tədbirlərinin keçirilməsi olduğundan müvafiq sahələr üzrə yüksək biliyə malik əməkdaşlar işə götürülsə də, audit fəaliyyəti ilə bağlı təcrübə çatışmazlığının aradan qaldırılması üçün işə təzə qəbul olunan əməkdaşlara təlimlər keçirilməsi vacib ünsürlərdən biridir. Eyni zamanda, Təlim Mərkəzinin əsas funksiyası nəinki yeni əməkdaşlara müəyyən biliklər və bacarıqlar aşılamaqdır, o cümlədən hazırda çalışan əməkdaşların ixtisasartırma kurslarına cəlb edilməsi ilə onların auditlə bağlı digər sahələrdə peşə vərdişlərinin yaradılmasından ibarətdir.

 

- Yeni qanun qarşıda hansı tədbirlərin və vəzifələrin görülməsini zəruri edir?

- Əvvəla onu deyim ki, qanunun qəbulundan sonra bizim üzərimizə çox böyük öhdəliklər düşür. İlk olaraq yeni qanunla bizə verilmiş səlahiyyətlərin bəzilərindən istifadə edə bilməyimiz üçün digər qanunvericilik aktlarının ona uyğunlaşdırılması aparılmalıdır. Hal-hazırda bununla bağlı iş gedir və yaxın zamanda təkliflərimizi müvafiq qaydada təqdim edəcəyik. Digər tərəfdən, qarşımızda duran başqa vəzifə Hesablama Palatasının daxili metodiki sənədlərinin təkmilləşdirilməsidir. Belə ki, bu sənədlərin bir qismi yenidən hazırlanmalı, digər qisminə qanuna uyğunlaşdırılması ilə bağlı dəyişikliklər edilməlidir. Təbii ki, qanunda müəyyən edilmiş yeni səlahiyyətlərin icrası ilə bağlı yeni metodiki sənədlər tərəfimizdən hazırlanacaqdır. Əməkdaşlarımızın yeni çağırışların tələblərinə cavab vermələri üçün müvafiq təlimlərə cəlb edilməsi, müasir yanaşmaların tətbiqi üçün bacarıqların aşılanması da zəruri addımlardandır. Xüsusilə məlumat bazalarına çıxışların təmin edilməsi ilə bu bazalarla işləmək səriştələrinin mənimsənilməsi, məlumatların emalı ilə bağlı yanaşmaların öyrənilməsi Hesablama Palatasının hər bir üzvünün və əməkdaşının qarşısında duran vəzifələrdəndir. Yeni qanunun tələblərinin reallaşdırılması nəzarət orqanı olaraq bizim tərəfimizdən, bu nəzarətin obyekti olaraq qurumlarda çalışan vəzifəli şəxslər tərəfindən tam olaraq bu tələblərin mənimsənilməsini və öyrənilməsini vacib edir. Başqa sözlə, maarifləndirmə işinin həyata keçirilməsi də tələb olunur ki, bu işdə də sizlərin və digər KİV nümayəndələrinin dəstəyinə ehtiyac var.

 

- Yeni qanun Hesablama Palatasının fəaliyyəti ilə bağlıdır, lakin Hesablama Palatası dövlət maliyyə nəzarəti sisteminin də bir iştirakçısıdır. Gözlənilən yeniliklər bu sistemə də müəyyən təsir edəcəkdirmi?..

- Ümumiyyətlə, istənilən normativ hüquqi akt təkcə bir sahəyə toxunmur. Bu baxımdan da qəbul edilmiş yeni qanunun üstünlüklərindən biri dövlətin maliyyə nəzarəti sistemində kənar və daxili nəzarətin sərhədlərinin konkretləşdirilməsi, dövlət auditinin bu sistemdə yerinin müəyyənləşdirilməsi ilə bağlıdır. Qeyd etmək istədiyim digər məsələ isə yeni qanunun Hesablama Palatasının səlahiyyətləri ilə bağlıdır. Bəli, bu istiqamətdə dəyişiklik olub, amma diqqətə çatdırmaq istərdim ki, səlahiyyətlərin genişlənməsində məqsəd Hesablama Palatasının dövlətin adından nəzarəti həyata keçirən bir qurum olaraq fəaliyyətini beynəlxalq təcrübə və standartlara yaxınlaşdırmaq, bu yolla da dövlətin vəsaitinin səmərəli, qənaətli və nəticəli istifadəsinin artırılmasına töhfə vermək və beləliklə, maliyyə inzibatçılığının gücləndirilməsinə xidmət etməkdir.

© "Azərbaycan”