Müəllif: Tamara Mustafayeva, Banco.az
Qəhvə qiymətləri rekord həddə çatıb.
Banco.az xəbər verir ki, Nyu-York birjasında ticarət olunan Arabica qəhvəsi fyuçersləri ABŞ-ın tətbiq etdiyi gömrük rüsumlarının təchizatla bağlı narahatlıqları yenidən gündəmə gətirməsi və bunun supermarketlərdə və kafelərdə qiymət artımı riski yaratması səbəbilə yenidən rekord səviyyəyə çatıb.
Starbucks kimi qəhvə zəncirlərinin üstünlük verdiyi Arabica növünün qiyməti 3,4 faizədək artaraq 1 funtu (təxminən 0,45 kq) üçün 4,35 dollara yüksəlib və rekord qırıb.
Arabica fyuçerslərinin qiyməti bundan əvvəl, fevral ayında, ən böyük istehsalçı Braziliyada əlverişsiz hava şəraiti ilə bağlı narahatlıqların artması nəticəsində funt başına 4,30 dollara qədər qalxaraq əvvəlki rekordunu yeniləmişdi.
Bu vəziyyət xüsusilə ABŞ istehlakçıları üçün əhəmiyyətli ola bilər, çünki ABŞ qəhvə şirkətləri Tramp administrasiyasının avqust ayında qüvvəyə minən yüksək gömrük rüsumlarından sonra Braziliyalı şirkətlərlə yeni müqavilələri təxirə salır.
Bizi sosial şəbəkələrdən izləyin!!
