Valyuta mübadiləsi əməliyyatları dəyişir - İqtisadçı izah etdi | Banco.az

Valyuta mübadiləsi əməliyyatları dəyişir - İqtisadçı izah etdi

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nı təsdiqləyib.

Qərara əsasən, valyuta mübadiləsi əməliyyatı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçiriləcək.

Valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 ABŞ dolları ekvivalentindən artıq satılması, habelə bir müştəridən 10 min ABŞ dolları ekvivalentindən artıq alarkən şəxsiyyəti təsdiq edən sənəd tələb ediləcək.

Qərarın mahiyyətini, detallarını iqtisadçı ekspert Xalid Kərimli Banco.az-a izah edib. Tətbiq edilmiş qaydalarda yenilik olmasa da, burada müəyyən diqqət ediləsi məqamlar var:

“Valyuta mübadiləsi məntəqəsində 500 dollara qədər şəxsiyyət vəsiqəsi tələbi olmur. Amma digər limit və məhdudiyyətlər onu deməyə əsas verir ki, vətəndaş hətta 200 dollar da dəyişsə onun şəxsiyyəti haqqında  müəyyən məlumatlar qeydə alınacaq. Bu halda sizin haqqınızda müəyyən məlumatlar sistemə daxil ediləcək. Qaydalara görə, il ərzində hər bir vətəndaş 20 min  manatdan çox vəsait dəyişəcəyi təqdirdə məntəqə ondan əlavə məlumatlar tələb edə bilər. Valyuta dəyişmə məntəqələrinin  hər bir vətəndaş üçün günlük maksimal dəyişmə limiti 20 min manatdır. Bu o deməkdir ki, siz bir illik limitivizi bir gün ərzində də tükədə bilərsiniz. Amma 20 min manatdan çox  vəsaiti dəyişəndə isə avtomatik olaraq vətəndaşdan daha detallı əlavə məlumatlar tələb olunacaq ”.

Ən sərfəli kredit üçün müraciət et

Məsələnin ikinci tərəfi barədə danışan Xalid Kərimli qeyd etdi ki, fiziki şəxs 200 min manat məbləğində də dollar ala bilər, amma bu zaman o alış həddini keçdiyi üçün  pulun mənbəyi barədə əlavə sənədlər təqdim etməlidir.

Ekspert qeyd etdi ki,  hər bir valyuta dəyişmə məntəqəsinin hüququ var ki,  limit keçildiyi təqdirdə müştəri haqqında əlavə məlumatlar alsın.  Bu, həmin şəxsin şəffaf fəaliyyət göstərib göstərməməsi, vergidən yayınmaması hallarını müəyyən etmək üçündür. Çünki identifikasiya olunmasa, digər məhdudiyyətləri izləmək mümkün olmayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et