Türkiyə Mərkəzi Bankının (TMB) valyuta ehtiyatları 19-25 noyabr hesabat həftəsində 2,243 mlrd. ABŞ dolları və ya 2,2% azalaraq 99,035 mlrd. dollara geriləyib. "Bloomberg" agentliyinə istinadən verilən xəbərə görə, bu barədə məlumat TMB-nin həftəlik pul və bank statistikası hesabatında verilib. Hesabat həftəsində TMB-nin qızıl ehtiyatları dəyişməyərək 16,228 mlrd. dollar təşkil edib. Beləliklə, TMB-nin məcmu qızıl-valyuta ehtiyatları 19-26 noyabr həftəsində 2,243 mlrd. dollar və ya 1,9% azalaraq 115,263 mlrd. dollara bərabər olub.
Xatırladaq ki, TMB-nin valyuta ehtiyatları noyabrın 11-də 106,266 mlrd. dollara yüksələrək 2016-cı ilin maksimal həddinə çatıb. Məhz bu tarixdən etibarən, yəni son iki həftədə valyuta ehtiyatları 7,231 mlrd. dollar və ya 6,8% azalma göstərib. Bu dövr ərzində qızıl ehtiyatları isə 0,5 mlrd. dollar və ya 3% azalıb.
"Report"un analitik qrupu bildirir ki, TMB-nin valyuta ehtiyatlarındakı azalma ölkənin istiqraz və səhm bazarlarından xarici kapitalın çıxması ilə əlaqədar olub. Belə ki, son bir ay ərzində qeyri-rezidentlər Türkiyənin maliyyə bazarlarından 2,65 mlrd. dollara yaxın vəsait çıxarıblar. Məhz bu səbəbdən Türkiyədə dolların məzənnəsi son ayda 13% artaraq 3,50 TRY/USD-yə çatıb. Analitik qrup inkişaf etməkdə olan maliyyə bazarları fonunda Türkiyədən 2017-ci ilin ilk rübünün sonuna qədər kapital axınının davam edəcəyini, valyuta ehtiyatlarının bir qədər də azalacağını proqnozlaşdırır.
Mənbə: Report.az