Turizm sferası indi dərin koma vəziyyətindədir. Koronavirusdan ən birinci təsirlənmiş və, ehtimal ki, ən gec bərpa olunacaq sahə də məhz turizmdir.
İnternet-marketinqlə aktiv məşğul olanlar üçün aşağıdakı tövsiyələr sıradan görünə bilər, lakin turizm bazarının heç də bütün iştirakçıları biznes və marketinq mütəxəssisi deyillər. Çox vaxt bunlar kiçik təşkilatlar və ya öz xidmət və məhsullarını xüsusi strategiya və bilik olmadan hansısa şəkildə irəlilədən şəxslərdir. Diqqət yetirdik ki, 10 reklam verəndən 8-i kobud internet-marketinq səhvinə və nəticədə maddi israfa yol verir.
Turizm sahəsinin karantindən çıxmağı asan olmayacaq, lakin gec-tez bu sfera özünə gələcək, insanlar aktiv şəkildə səyahət etməyə başlayacaqlar. Mütəxəssislər artıq iddia edirlər ki, karantin bitdikdən sonra istirahət və səyahət tələbi təklifi üstələyə bilər. Karantin dövründən mövqelərinizi möhkəmləndirmək, auditoriya toplamaq, əvvəllər heç cür vaxt tapa bilmədiyiniz şeylər üzərində işləmək üçün istifadə edə bilərsiniz.
Həmçinin oxu: Kafe və restoranlar karantin dövründə nələrə əməl etməlidir?
İki əsas tapşırıq mövcuddur: təxirə salınmış səyahət tələbi yaratmaq və potensial müştəri auditoriyası toplamaq.
Audit aparın. Sayt, sosial şəbəkələr, elektron poçt, ümumiyyətlə, məhsul və xidmətləri irəlilətdiyiniz digər mənbələr haqqında məlumat toplayın, effektivliyini qiymətləndirin. Məqsəd inkişaf etdirməyə dəyər və zəif cəhətləri tapmaqdır.
Axtarış trendlərini təhlil edin. Bəzi ipuclarını “Google Trends”in ötən illərdəki axtarış tendensiyaları sayəsində tapmaq olar. Xüsusilə də 2008-2009-cu illər böhranı zamanı mövzunuzla bağlı müxtəlif sorğuları araşdırmaq maraqlıdır. Qrafik və sorğuların müqayisəsi turizm sektorunda müəyyən məhsul və xidmətlərə tələbin necə dəyişdiyini göstərə bilər. Bu, karantindən çıxdıqdan sonra hansı nüanslara fokuslanmağı planlaşdırmağınıza kömək edəcəkdir.
Veb sayt yaradın. İndi bir çox insan səyahət xidmətlərini yalnız Instagram və ya Telegram vasitəsilə təbliğ edir, Google-formaları vasitəsi ilə ərizə toplayır. Bu vasitələr potensial müştərilərlə uzunmüddətli perspektivdə işləmək üçün imkanları məhdudlaşdırır. Məsələn, Telegram kanalınıza girən, turlara baxan, heç bir şey sifariş etmədən və heç kimə yazmadan tərk edən birini geri qaytarmaq mümkün deyil. Bəlkə də, həmin şəxs turunuzu sifariş etmək istəyib, lakin qərar vermək üçün daha çox vaxt lazım olub. Saytda sadə bir retargetinq tənzimlənməsi konversiyanı əhəmiyyətli dərəcədə artıra bilər.
Saytınızın axtarış sistemini optimallaşdırın. İndi axtarış mühərrikləri istifadəçi yönümlüdür, belə ki, məzmunun aktuallığı və rahatlıq istifadəçi üçün çox vacibdir. Əsas şeylərdən başlaya bilərsiniz: saytın mobil versiyasını yaradın, səhifələrin yüklənməsini sürətləndirin, səhifələrin meta təsvirləri üzərində işləyin, köhnə məzmunu daha aktual açar sözlərə uyğun olaraq yeniləyin.
“Facebook pixel”i sayta qoşun və auditoriyanızı yaradın. Bir sözlə, remarketinq. Əgər artıq Facebook və Instagram şəbəkələrində reklamları aktiv şəkildə yerləşdirirsinizsə, retargetinq olmadan əlavə satışların 30%-ə qədərini itirirsiniz. Auditoriyanı dərhal toplamaq mümkündür (müəyyən turların səhifələrini ziyarət etmiş, müəyyən məqalələri oxumuş və s. insanlar). Məsələn, saytınızda Taylandın ən yaxşı adaları haqqında çox oxunan bir məqalə var. Bu şəkildə Facebook auditoriyanızın köməyi ilə həmin paylaşımı oxuyanlar üçün Tayland turları təşkil edin. Karantin dövründə reklam yayımlamaq mənasızdır, ancaq sona çatdıqda əlinizdə hazır auditoriya olacaqdır.
Bloq yaradın. Potensial müştərilərinizə məsləhət verməkdən qorxmayın. Saytda bloq SEO-təşviqatın yaxşı bir metodudur, markanın tanınmasını təmin etmək üçün vasitələrdən biridir. Kontent-plan tərtib edin. Saytdakı bloq, Facebook, Instagram və ya Telegram paylaşımlarınız dəqiq plansız fayda verməyəcək. Standart mövzulardan əlavə, tematikanı genişləndirin, müxtəlif mövzuları və izləyici fikirlərini araşdırın. İndi bloq və ya sosial şəbəkələr üçün yazdığınız mətnləri sonra yayımlaya bilərsiniz. Bu da gələcəkdə vaxtınıza olduqca qənaət edəcəkdir. Şablonlar yaradın. Bu, rutin işləri optimallaşdırmaq və sosial şəbəkələrdə, bloq və ya sənədlərdə vahid vizual təqdimat yaratmaq üçün yaxşı üsuldur.
Elektron poçtunuza diqqət yetirin. Bu vasitə ilə işləmirsinizsə, başlamağın vaxtıdır. Burada da təkmilləşdirmək üçün məqamlar həmişə var. Odur ki, welcome məktublar, eləcə də verilmiş sifarişlər üçün geri əlaqəni tənzimləməklə başlaya bilərsiniz.
Saytda lid-formalar qurun ki, potensial müştərilər turların yenidən sifariş edilə biləcəyi zamanı bilsinlər. Məsələn, “Turu nə vaxt sifariş edə biləcəyinizi öyrənmək istəyirsiniz? Elədirsə, e-mail ünvanınızı yazın, biz sizi xəbərdar edəcəyik”.
Potensial müştərilərin əlaqə vasitələrini toplayın. Elektron poçtdakı kontaktlarınız, saytınızı ziyarət edənlər (Facebook Pixel qoşulubsa), Instagram və ya Facebook paylaşımlarınızı bəyənənlər gələcəkdə reklam məqsədilə istifadə edə biləcəyiniz auditoriyanı təşkil edir.
Bloq, sosial şəbəkələr və vizual məzmun vasitəsilə təxirə salınmış tələb formalaşdırın. İnsanların hal-hazırda səyahət etmək üçün fiziki və ya maddi imkana sahib olmaması dünyaya, maraqlı yerlərə və faktlara olan marağını öldürmür. Əksinə, karantində insanlar əyləncəli məzmunu daha çox axtarırlar, sosial şəbəkələrdə daha çox gəzişirlər, ümumiyyətlə, internetdə daha çox vaxt keçirirlər. Bu, şirkətinizi tanıtmaq və auditoriyanızı genişləndirmək üçün mükəmməl şansdır.
Həmçinin oxu: Ən qədim turizm agentliyi — “Thomas Cook” niyə tənəzzül etdi?
Nigar Umaxanlı, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!