Ən qədim turizm agentliyi — “Thomas Cook” niyə tənəzzül etdi? | Banco.az

Ən qədim turizm agentliyi — “Thomas Cook” niyə tənəzzül etdi?

İkinci Dünya müharibəsi ərəfəsində Tomas Kukun ailəsi səyahət agentliyi üzərində nəzarəti itirdi. 1928-ci ildə ingilis rahibin son varisləri agentliyi Belçikanın “Compagnie Internationale des Wagons-Lits” şirkətinin “Orient Express” turoperatoruna satdılar.

Müharibə illərində Fransanın işğalından sonra səyahət agentliyi nasist Almaniyası tərəfindən milliləşdirildi. 1948-ci ildə İngiltərə hökuməti “Thomas Cook & Son”-ı öz nəzarəti altına aldı və şirkət  Britaniya  nəqliyyat  holdinq  şirkətinin  tərkibinə daxil oldu.

Həmçinin oxu:  İngilis rahib müasir turizmin əsasını necə qoyub — “Thomas Cook”-un həyatı

Otel zəncirləri, təyyarələr, valyuta, itkilər

1950-ci illərdə agentlik xarici turların inkişafı ilə məşğul olurdu. Çünki artıq şirkətin təsisçisinin hazırladığı büdcə yönümlü səyahət konsepsiyası rəğbət görmürdü və şirkət bəzi müştərilərini itirirdi. Yeni turizm agentlikləri açılmaqda idi və kütləvi turizm sahəsində rəqabət getdikcə artırdı. Lakin “Thomas Cook&Son” uğurlu mövqeyini qoruyurdu və hətta 1965-ci ildə şirkətin qazancı ilk dəfə 1 milyon funt-sterlinqi keçmişdi.

Həmçinin oxu: Avropada ən yüksək turist vergisi bu şəhərdə tətbiq olunacaq

1972-ci ildə Britaniyanın “Midland Bank”-ın konsorsiumu, “Trust House Forte” və motoristlər assosiasiyası “Thomas Cook&Son”ı Britaniya səlahiyyətlilərindən satın aldı. Agentliyin adı qısaldıldı və “Thomas Cook” oldu.

1970-ci illərdə bir çox turizm agentliyinin maddi vəziyyəti iqtisadiyyatdakı tənəzzül səbəbiylə pisləşdi. “Thomas Cook” isə yüksək səviyyədə xidmət göstərərək, turistlər üçün zəmanət və geri qaytarma sistemini işə salaraq nüfuzunu qoruyub saxladı.

1997-ci ildə şirkət ilk olaraq internetdə turların satışı üzrə onlayn xidmətə başlamışdır. Üç il sonra “Thomas Cook” yol çekləri verilməsi, xarici valyuta və digər maliyyə əməliyyatları ilə məşğul olan maliyyə altbölməsini Amerikanın “Travelex” şirkətinə 440 milyon funt-sterlinqə satdı.

2000-ci illərin ortalarında “Thomas Cook” və onun qitədəki yeganə rəqibi alman şirkətlər qrupu “TUI” milyardlar xərcləyərək digər turoperatorları satın aldı və nəticədə Avropa bazarında yalnız ikisi qaldı.

“Thomas Cook AG” (1990-cı illərin sonlarında alman “Condor&Neckermann” şirkəti ilə birləşmə nəticəsində bu adı qazanmışdı) 2007-ci ildə Britaniyanın turizm şirkəti “My Travel Group” ilə birləşdi. Beləcə “Thomas Cook Group” yarandı. Sövdələşmənin şərtlərinə görə, “Thomas Cook” birləşmiş şirkətin kapitalının 52%-nə, “My Travel Group” isə qalan hissəsinə sahib oldu.

“Thomas Cook Group” sərəncamında təxminən 100 təyyarə olan məşhur “Casa Cook”, “Sunwing”, “Sentido”, “Sunprime”, “Condor” və “Thomas Cook Airlines” şirkətlərinə malik idi. Şirkət 16 ölkə ilə işləyirdi, başlıca istiqamətlər isə Almaniya, İngiltərə və Skandinaviya ölkələri idi.

Şirkətlər qrupu birləşmənin yüksək rəqabətli turizm sənayesində konsolidasiyanı sürətləndirəcəyini, yeni turməhsulun yaradılmasında qənaət etməyə imkan verəcəyini, Avropa nəhəngi olacağını güman edirdi. Ancaq gözləntilər reallaşmadı. Şirkət ildə orta hesabla 22 milyon insana xidmət edirdi və 10 milyard funt-sterlinq dövriyyəsi vardı. Lakin yanacaq və otellərin təsərrüfat xərclərinin, eləcə də digər məsrəflərin artması, həmçinin onlayn rəqiblərlə mübarizə səbəbindən mənfəət ilbəil azalırdı.

Ən sərfəli kredit üçün müraciət et

“The Guardian” yazırdı ki, “Thomas Cook Group” kimi kompleks turlar təqdim edən “ofis” şirkətləri otelləri və uçuşları onlayn bronlaşdırmağa imkan verən şirkət və xidmətlərə, yəni “Ryanair”, “EasyJet” və “Airbnb”ə məğlub olurdular.

2011-ci ildə şirkətin borcu artıq 1,1 milyard funt-sterlinq idi. İl ərzində şirkət 90% ucuzlaşmışdı — noyabr ayında təqribən 10 milyard funt gəlirlə yalnız 89 milyon funt-sterlinq dəyərində qiymətləndirilirdi.

2015-ci ilin yazında Çinin beynəlxalq “Fosun” konqlomeratı “Thomas Cook Group”un 5% səhmini 92 milyon funta (və ya 140 milyon dollar) aldı. “Fosun” dəstəyi ilə şirkət konsepsiyasını yeniləsə də tənəzzül etməkdə davam edirdi.

“NYT” fikrincə, onlayn servislərlə yüksələn rəqabətdən savayı Böyük Britaniyanın Avropa Birliyindən çıxması və funt-sterlinqin məzənnəsinin düşməsi  də şirkətin problemlərini artıran amillər idi. 2019-cu ildə “Thomas Cook Group”-un ümumi borcu 2 milyard funt idi. “NYT” iddia edir ki, borcun bir hissəsi zamanla ayaqlaşmayan köhnə investisiyalar ucbatından yığılmışdı.

2019-cu ilin yayında şirkət banklarla yenidən maliyyələşdirmə məsələsində razılığa gələ bilmədi. Belə ki, banklar təxminən 260 milyon dollar ehtiyat maliyyələşdirmə tələb edirdi.

23 sentyabr 2019-cu il tarixində ən qədim səyahət agentliyi fəaliyyətini dayandırdı. Thomas Cook Group müflis elan edildi. 20 minə yaxın insan (şirkətin işçiləri və tərəfdaşları) işini itirdi. 600 minə yaxın turist xaricdə qaldı. Qeyd edək ki, 150 mindən çoxu britaniyalı idi. Böyük Britaniya hökuməti ölkə tarixində sülh şəraitində ən böyük repatriasiyanı (vətənə dönüş) təşkil etdi və həmin turistləri öz vətəninə qaytardı.

Aydındır ki, nəhəng səyahət agentliyinin bazardan çəkilməsindən sonra rəqiblərinin gəlirləri əhəmiyyətli dərəcədə artım göstərdi.

Həmçinin oxu:  Koronavirus şirkətlərin maliyyə nəticələrinə nə dərəcədə təsir göstərir?

Brendin yenidən doğulması

2019-cu ilin noyabr ayında şirkətin səhmdarı olmuş “Fosun Tourism” “Thomas Cook” markasını: əmtəə nişanlarını, domen adlarını, lisenziyaları, “Casa Cook” və “Cook's Club” otellərini 11 milyon funt-sterlinqə (təxminən 14,2 milyon dollara) satın aldı.

“Bloomberg”-in gizli mənbələrinə əsasən, “Fosun” qədim markanı canlandırmağı və öz rəhbərliyi altında yenidən inkişaf etdirməyi planlaşdırır. Müştərilərə kurort və otellərin bronlaşdırılması xidmətləri, əyləncə şoularına biletlər və klublara üzvlük təklif olunacaq.

Ən ülvi hisslərlə müasir turizmin əsasını qoymuş, eləcə də adını coğrafiya və turizm tarixinə qızıl hərflərlə yazdırmış Tomas Kukun irsinin gələcəkdə də davam etdirilməsi sevindirici hal olardı.

Nigar Umaxanlı, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç