Taksilərdə xidmət və qiymət səviyyəsi: “Uyğunlaşmaq üçün zaman lazımdır” | Banco.az

Taksilərdə xidmət və qiymət səviyyəsi: “Uyğunlaşmaq üçün zaman lazımdır”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Taksidə keyfiyyətin artırılması istiqamətində addımlar atılandan sonra qiymətlərdə müəyyən artımlar müşahidə edilməyə başladı.

Son günlərdə isə sürücülər şirkətlərə ödədikləri faizin 17-dən – 25-ə yüksəlməsinə görə narahatlıqlarını ifadə edirlər. Vəziyyətin iqtisadiyyata təsiri barədə iqtisadçı ekspert Xalid Kərimli Banco.az-a açıqlama verib.

Xalid bəy, taksi sahəsində xidmət səviyyəsinin yüksəldilməsi addımlarını necə qiymətləndirirsiniz?

  Bu istiqamətdə addımlar atanda bildirdilər ki,  keyfiyyət artacaq. Amma keyfiyyət dedikdə nəyin nəzərdə tutulduğunu izah etmədilər. Taksi xidmətində keyfiyyət dedikdə operativ xidmət nəzərdə tutulur. Yəni, vətəndaşı sifariş edəndən sonra surətli bir formada vətəndaş taksi xidməti ilə təchiz olunur. Taksilərin sayının inzibati qaydada azaldılması nəticəsində vətəndaşlar keyfiyyətdən ciddi mənada narazı idilər. Keyfiyyət isə təkcə maşının keyfiyyəti deyil, bir nöqtədən digər nöqtəyə vaxtında getməsi də nəzərdə tutulur. Amma əksinə keyfiyyətin azalmasını müşahidə etdik. Bu da gözlənilən idi. Çünki sistemə adaptasiya bir müddət vaxt aparacaq. Son iki ayın nəticələrinə görə, qiymətlərin artımı da müşahidə edilir.

Məsələnin çıxış yolunu nədə görürsünüz?

Hesab edirəm ki, bu istiqamətdə tədbirlər kompleks olmalıdır. Bu istiqamətdə tədbirləri məhdudlaşdırma hissəsi sona qalmalıdır. Müşahidələr odur ki, bu kimi məsələlərə  yanaşma dəyişdikcə əksinə  xidmətin  keyfiyyəti pisləşir, nəinki yaxşılaşır. İctimai nəqliyyatda keyfiyyət yüksəldilməmiş digər nəqliyyat vasitələrinin sayını azaltmaq, vəziyyəti qəlizləşdirir.

Ən sərfəli kredit üçün müraciət et

Həm də bu sistem yenidir. Uyğunlaşmaq üçün zaman lazımdır. Görünür, bu proses bir neçə ay çəkəcək. Hələ də bir neçə taksi xidməti sahəsində ciddi keyfiyyət artımı olmayıb. Əksinə keyfiyyət yükü var. Çünki insanlar üçün sürətli şəkildə taksi xidmətindən istifadə etmək keyfiyyətin mühüm elementi idi.

Ümumiyyətlə qiymət artımı necə tənzimlənə bilər?

Bilirsiniz ki, hökumət bu tənzimləmələri həyata keçirəndə məqsəd taksilərin sayını azaltmaq idi. Taksilərin sayı azaldıqdan sonra  birmənalı formada qiymət qalxdı. Rəqabət nəticəsində qiymətlər aşağı düşür, sayı azalanda isə rəqabət də azalır. Vətəndaşın ödədiyi pulun da qiyməti artır. Dünyanın hər yerində taksi xidməti digər nəqliyyat vasitələrindən bahadır. Amma bazarın da tələbi var. Əgər vətəndaş taksidən istifadə edə bilməsə, mövcud taksilərdə də rəqabət nəticəsində qiymətlər enməyə başlayacaq.

Düzdür, ictimai nəqliyyatın inkişaf etdirilməsi sahəsində ciddi problemlər var. Amma vətəndaşlar da mətbuat da əsas istiqamətini bu yöndə qurmalıdır. Taksi qiymətləri bahalaşsa da, Azərbaycanda hələki bu qiymətlər də əlverişlidir. Hökümətin istəyi də taksidə standartları qaldırmaqla, taksidən istifadəni azaltmaq idi. Hazırda isə sayını aşağı salıblar və daha çox ekoloji baxımdan təmiz olanlar qalıb.

Ən sərfəli krediti almaq üçün müraciət et