Sosial media vasitələrinin satdığı datalarımızın qiyməti nə qədərdir? | Banco.az

Sosial media vasitələrinin satdığı datalarımızın qiyməti nə qədərdir?

Gün keçdikcə sosial medianın həyatımızdakı rolu artmaqdadır. Sosial media yalnız əyləncə məqsədilə deyil, biznes sferası olaraq da kütləni anlamaqda, təhlil və təşviq etməkdə vacib rol oynamaqdadır. Bir çoxları şəxsi dataların toplandığını bilsə də bunu o qədər də vacib qəbul etmir. Təbii ki, müştəri olaraq bu sizin diqqətinizi çəkməyə bilər amma şirkətlər toplanan datalar üçün böyük məbləğdə pullar ödəyir və sizə aid lazımsız bildiyiniz məlumatları alaraq ətrafınızdakı adamlardan belə sizə daha yaxın olurlar.

Xatırladaq ki, qısa zaman öncə Facebook şirkəti məhz bu məsələ ilə bağlı hakim qarşısında hesabat verməyə məcbur qalmışdı. Amma təbii ki, bu cür faktlar reallığı dəyişmir. Xüsusilə qlobal şirkətlər lazımi dataları almaq üçün sosial media vasitələrindən, hətta axtarış sistemlərindən istifadə edirlər. Bunun nə anlamı var deyə düşünürsünüzsə, qeyd edək ki, əsas məqsəd sizin marağınızı cəlb edərək məhsulu satmaqdan daha vacib xarakter daşıyır. Bir qədər iddialı səslənsə də onu bildirməliyik ki, bu baxımdan siz ancaq müştəri deyil, həm də “məhsul” rolu oynayırsınız. Belə ifadə etməyimizin səbəbi isə çox sadədir, çünki datalarınızın toplandığı platformalarda sizin məxsusi qiymətləriniz mövcuddur. Sadə dildə ifadə etsək, məsələn, Facebook-da reklam verirsiniz və bunun üçün sizə lazım olan hədəf kütləsini təyin etməlisiniz. Bunlara yaş, cins, region, hobbilər və s. kimi faktorlar seçim kimi təklif olunur. Bütün bunlar toplanmış olan datalardan kiçik bir nüansdır və əslində biz Google, Facebook, Instagram və ya digər platformalardan istifadə etməyə başladıqda buna özümüz icazə vermiş oluruq. Əslində sadalanan platformalar pulsuz olaraq fəaliyyət göstərsələr də siz onların həm müştərisi, həm də “məhsulusunuz.”

2018-ci ildə açıqlanan hesabatlara görə, Twitter-da bir adamın datasının qiyməti 48$, Facebook-da 253$, Google-da 359$, Amazon-da isə 1793$ təşkil edir. İndi niyə bu qədər dəyərli olduğunuzu anlayırsınız.

Ən sərfəli kredit üçün müraciət et

Dataları bir növ faizlərlə müqayisə etmək olar, çünki məlumat bazasına sahib olan şirkət onu müxtəlif məqsədlər üçün satışını təşkil edə bilər. Başqa sözlə desək, bir müştərinin sevdiyi məhsullar haqda məlumatı bir şirkətə satırsa, onun hobbiləri və ya gündəlik məşğuliyyəti haqda məlumatı başqa bir kompaniyaya sata bilər. Bu isə öz növbəsində reklamdan təkrar-təkrar pul qazanmağa şərait yaradır.

Data analizləri sizin yalnız indiki deyil, həm də gələcək qərarlarınız haqda təxminlər etməyə icazə verir və buna görə də şirkətlərin sizə təkliflər göndərməsinə şərait yaradır. Məsələn, əczaçılıq şirkətləri hamiləlik alqoritması sayəsində öz müştərisinə onun istəyinə uyğun təkliflər göndərir. Alqoritmaya görə hamilə qadınlar, xüsusilə də hamiləliyin 2 və ya 3-cü ayında qadınlar maqnezium və zink tərkibli vitaminlərə ehtiyac hiss edir və həmin dövrdə qoxusuz gözəllik vasitələrinə üstünlük verirlər. Beləliklə, hamilə qadınlar həm əczaçı şirkətlərinin, həm də kosmetik şirkətlərinin hədəf kütləsinin digər bir kateqoriyasına daxil olurlar.

Böyük və bilinən şirkətlərdən əlavə Acxiom, Epsilon, RapLeaf, Flurry, BlueKai kimi şirkətlər məhz data analizləri ilə məşğul olub toplanan məlumatları analiz edir və reklam kompaniyalarına satırlar.

Son olaraq onu da bildirək ki, data məlumatlarının belə toplanmasının mənfi tərəfləri də mövcuddur. Beləki, sizin şəxsi məlumatlarının kiber cinayətkarların əlinə keçdiyi təqdirdə təhlükəsizlik problemləri qaçınılmazdır. 

Nəcibə Yusifova, Banco.az