Britaniyalı alimlər “smaylik”lər vasitəsilə tərtib olunan parolun köməyi ilə bank hesablarına girişə imkan verən mobil proqram yaradıb.
İstehsalçılar iddia edir ki, yeni texnologiya 480 dəfə çox parol variasiyaları təklif edir.
Banco-nun "ICTnews"-a istinadən məlumatına görə, Britaniyanın “Intelligent Environments” şirkəti onlayn-banka giriş üçün “smaylik”lər ardıcıllığından parol kimi istifadəyə imkan verən texnologiya hazırlayıb.
Müəlliflər iddia edir ki, “smaylik”lərdən istifadə parolların yoxlanması prosesini bir neçə dəfə çətinləşdirməyə imkan verir. Məsələn, əgər 4 rəqəmli parol 7290 müxtəlif rəqəmlər ardıcıllığından ibarətdirsə, o zaman 40 “smaylik” növündən tərtib olunan 4 rəqəmli parol 3498308 ardıcıllıqdan ibarətdir, yəni 480 dəfə çox.
“Intelligent Environments” şirkətindən bildirilib ki, bu halda “smaylik”ləri tapmaq daha çətindir, çünki onlar doğum tarixi və ya hər hansı ildönümü ilə bağlı təyin edilmir.