Sığorta şirkətlərindən 9-da yığımlar, 15-də isə ödənişlər artıb | Banco.az

Sığorta şirkətlərindən 9-da yığımlar, 15-də isə ödənişlər artıb

2015-ci ilin yanvar-avqust aylarında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, şirkət 8 ay ərzində 46 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yerləri tutan “Paşa Həyat Sığorta”nın yığımları 39,2 milyon manat, “Atəşgah Sığorta”nın yığımları isə 32,7 milyon manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Azərsığorta” (27,9 milyon manat) və “Atəşgah Həyat Sığorta” (27,8 milyon manat) şirkətləri tamamlayırlar. Ümumilikdə bazarın 55,5%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 173,6 milyon manat) düşür.

Banco.az Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən xəbər verir ki, ən az sığorta haqqı toplayanlar isə “Başak İnam” (809 min manat), “Amrah Sığorta” (591 min manat), “Azərqarant” (138 min manat) və “Günay Sığorta” (53 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi 1,59 milyon manat olub və ümumi sığorta yığımlarının 0,5%-ni təşkil edib.

Lisenziyası ötən ilin dekabr ayında dayandırılmış, bu ilin iyun ayında isə ləğv edilmiş “Era-Trans”, praktiki olaraq fəaliyyətini dayandırmış “Çartis Azərbaycan” sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıblar.

Ümumilikdə 27 sığorta şirkətindən 3-də sığorta haqlarının məbləği 30 milyon manatdan çox, 3 şirkətdə 20 milyon manatdan çox, 5 şirkətdə 10 milyon manatdan çox, 4 şirkətdə 5-10 milyon manat arasında, 6 şirkətdə 1 milyon manatdan 5 milyon manata qədər, 2 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 4 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 9-da sığorta haqlarının artımı, 18-də isə azalması baş verib.

Ən sərfəli kredit üçün müraciət et

8 ay ərzində sığorta ödənişlərinin məbləğinə görə də lider “PAŞA Sığorta” şirkətidir – 19,4 milyon manatla. Sonrakı yerləri tutan “Qala Həyat Sığorta”nın ödənişləri 16,1 milyon manat, “Atəşgah Sığorta”nın ödənişləri isə 10,3 milyon manat təşkil edib. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “Atəşgah Həyat Sığorta” (9,6 milyon manat) və “Azərsığorta” (8,3 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 54,8%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 63,7 milyon manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (179 min manat), “Günay Sığorta” (72 min manat), “Çartis Azərbaycan” (53 min manat), “İpək Yolu Sığorta” (37 min manat) və “Azərqarant” (2 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 343 min manat olub ki, bu da ödənişlərin cəmi 0,3%-ni təşkil edir.

Ümumilikdə 27 sığorta şirkətindən 3-də ödənişlərin məbləği 10 milyon manatdan çox, 5-də 5 milyon manatdan çox, 11-də 1 milyon manatdan 5 milyon manata qədər, 1 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 3 şirkətdə 100 min manatdan 500 min manata qədər, 4 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.