İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2014-cü ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 70 mln. 687,551 min manat məbləğində sığorta haqqı əldə ediblər. Bu barədə Büronun məlumatında qeyd edilir.
“2013-cü ilin göstəricisi ilə müqayisədə İSB üzvlərinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqları 2,04% artıb”, - deyə məlumatda deyilir.
2014-cü ildə sığortaçılar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 931,464 min sığorta müqaviləsi imzalayıblar, bu isə 2013-cü ilin göstəricisindən 2,14% çoxdur.
Ötən ilin dekabr ayında İSB üzvləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 73,423 min müqavilə üzrə 5 mln. 508,906 min manat məbləğində sığorta haqqı əldə ediblər.
2013-cü ilin dekabr ayı ilə müqayisədə imzalanan müqavilələrin sayı 31,5%, əldə edilən sığorta haqlarının həcmi 39,5% artıb.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif və şərtlərlə satışına başlanılıb.
Xüsusilə 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərrikin həcmi 1500 kubsantimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artdıqca 1,5-5 əmsalları tətbiq olunur. Mühərrikin həcmi 5 min kubsantimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunur, yəni sığorta tarifi 250 manat təşkil edir.
Sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılıdır. Belə ki, 9-16 sərnişin yerinə görə 3, 16-dan artıq yerə görə 4 əmsalı tətbiq edilir.
Yük avtomobillərində əmsal yükgötürmə qabiliyyətindən asılı olaraq 3-dən 5-ə qədər təşkil edir.
Motosiklet, traktor və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə bərabərdir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. 15 sığorta şirkəti İSB-nin üzvüdür. Onlardan 11 şirkət avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərmək hüququna malikdir.
interfax.az