“Meqa Sığorta” ASC sığorta bazarında yenilik tətbiq edib.
Sığorta şirkətindən verilən məlumata görə, artıq müştərilər avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sifarişi üçün sığorta şirkətinin ofisinə yaxınlaşmağa, sığorta agenti çağırmağa vaxtlarını itirməyəcək. Belə ki, vətəndaşlar “E-manat” terminallarına yaxınlaşaraq asanlıqla icbari nəqliyyat sığortası əldə edə biləcəklər.
Bu yeniliyi Azərbaycan sığorta bazarında ilk dəfə olaraq “Meqa Sığorta” ASC həyata keçirib. İcbari nəqliyyat sığortası üzrə sığorta qiymətləri və sığorta şərtləri standart olduğundan tam əminliklə bu sığorta növünün “E-manat” terminalları vasitəsilə sifariş edilməsi mümkündür. Qeyd etmək lazımdır ki, “E-manat” terminallarında icbari nəqliyyat sığortası sifariş etmək üçün çox sadə və minimum məlumatlar tələb edən interfeys hazırlanıb. Bu sistem birbaşa olaraq sığorta şirkətinin daxili proqram təminatı və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq icbari sığorta növlərinin rəsmiləşdirilməsi üçün yaradılmış İcbari Sığorta Bürosunun vahid elektron informasiya sistemi ilə əlaqəlidir.
Vətəndaşlar “Meqa Sığorta” xanasını seçib mobil nömrəsini, şəxsiyyət vəsiqəsinin pin-kodunu və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsini daxil etdikdən sonra sığortalanacaq nəqliyyat vasitəsi üçün icbari sığorta qanunvericiliyinə uyğun olaraq güzəşt və artırma əmsalı nəzərə alınmaqla terminal tərəfindən avtomatik olaraq sığorta haqqı hesablanacaq. Ekranda göstərilən sığorta haqqı məbləğini terminala ödədikdən sonra icbari nəqliyyat sığortası şəhadətnaməsi dərhal qüvvəyə minir və sığortalanma haqqında məlumat ekranda və ödəniş qəbzində göstərilir, həmçinin mobil nömrəyə İcbari Sığorta Bürosu tərəfindən sığorta şəhadətnaməsinin etibarlılığı haqqında SMS göndərilir. Sığorta şəhadətnaməsi isə ən geci 48 saat ərzində sığorta şirkəti tərəfindən vətəndaşa çatdırılır.
İcbari nəqliyyat sığortası sifarişi üçün “E-manat” terminallarından həftənin bütün günləri 24 saat ərzində “Meqa Sığorta” səhifəsində göstərilən telefon nömrələrinə zəng etməklə məlumat almaq olar.
“Meqa Sığorta” ASC gələcəkdə də müştərilərin rahatlığını təmin etmək üçün digər sığorta xidmətlərinin terminallar vasitəsilə həyata keçirilməsini planlaşdırır.
azertag.az