Müəllif:Mehin Qasımova,Banco.az
İlon Maskın kosmik texnologiya şirkəti "SpaceX" tarixin ən böyük IPO-sundan sonra ilk ciddi satış təzyiqi ilə üzləşib.
Banco.az xəbər verir ki, Səhmlərin son günlər kəskin ucuzlaşması nəticəsində şirkətin bazar dəyərindən 1 trilyon dollardan çox vəsait silinib.
ABŞ birjalarında cümə günü ticarətin başlanğıcında "SpaceX" səhmləri 4,6 faiz dəyər itirərək 125 dolların altına enib. Bununla da şirkətin bazar kapitallaşması təxminən 1,65 trilyon dollara düşüb. Müqayisə üçün, "SpaceX" 16 iyun tarixində ticarətin üçüncü günündə 2,64 trilyon dollarlıq bazar dəyərinə çatmışdı.
Səhmlərin qiyməti eyni zamanda IPO zamanı müəyyən edilən 135 dollarlıq ilkin təklif qiymətindən də aşağı səviyyədə ticarət olunur.
Analitiklər bildirirlər ki, son enişə bir neçə amil təsir edib. Onlardan biri "Starship" raketinin mühərrikdə yaranan texniki problem səbəbindən planlaşdırılan buraxılışının ləğv edilməsidir. Şirkət buraxılışın yaxın günlərdə yenidən həyata keçirilməsinin planlaşdırıldığını açıqlayıb.
Mütəxəssislərin fikrincə, son ucuzlaşmaya baxmayaraq, investorların diqqəti SpaceX-in gələcək buraxılışları və şirkətin uzunmüddətli inkişaf planları üzərində cəmlənəcək.
