Əhalinin rifah halının göstəricilərində müsbət dinamika müşahidə olunur.
2012-ci illə müqayisədə işləyənlərin orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manat, pullu xidmətlərin həcmi isə 8,2 faiz artaraq 6,5 milyard manat olub.
Gün.Az-ın verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında deyib.
O bildirib ki, ötən müddət ərzində manatın dəyəri sabit qalıb, inflyasiya 2,4 faiz təşkil edib və əhalinin pul gəlirlərinin artımından xeyli aşağı olub.
2013-cü ildə əhalinin banklarda olan əmanətlərinin məbləği 6,8 milyard manata çataraq 34 faiz artım əldə edilib.
“Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət başçısının məqsədyönlü kursunun davamı olaraq ötən il minimum əmək haqqının 13 faiz, əmək pensiyasının baza hissəsinin 17,6 faiz, bütün növ sosial müavinətlərin 10-67 faiz çərçivəsində artımı təmin edilib. Dövlət sektorunda çalışanların əmək haqları isə ən azı 10 faiz həcmində artırılıb”.
O qeyd edib ki, tətbiq olunmuş artımlar təxminən 3 milyon nəfərdən çox insanın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaradıb.